Dünya liderlərinin tarixi görüşü: Tramp, Putin və Si bir araya gəlir

Dünya liderlərinin tarixi görüşü: Tramp, Putin və Si bir araya gəlir
14.11.2026 09:30 Dünya

ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin tarixdə ilk dəfə üçtərəfli görüş keçirə bilərlər.

TodayPress TV xəbər verir ki, liderlərin görüşü Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nəzərdə tutulub. Bu barədə Ağ Ev məlumat yayıb.

Görüşün əsas mövzusu nüvə silahlarının azaldılması olacaq. CNN telekanalının məlumatına görə, Donald Tramp Rusiya və Çin liderləri ilə ABŞ-nin İrana qarşı müharibəsini də müzakirə etmək niyyətindədir.

Bununla yanaşı, yüksək vəzifəli amerikalı rəsmilərdən birinin bildirdiyinə görə, danışıqlar zamanı Ukrayna məsələsinin gündəmə gətirilməsi planlaşdırılmır.

Ağ Ev görüşdən dərhal konkret razılaşmalar əldə olunacağını gözləmir. Vaşinqton bu təması nüvə tərksilahı ilə bağlı dialoqun başlanğıcı kimi qiymətləndirir.

Qeyd edək ki, ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasına dair sonuncu müqavilə – START-III (New START) bu ilin fevralında qüvvədən düşüb.

Donald Tramp bundan əvvəl Moskvanın müqavilənin müddətini daha bir il uzatmaq təklifini rədd etmişdi. O, Çin də daxil olmaqla yeni sazişin hazırlanmasının vacibliyini bildirmişdi.

Pentaqonun qiymətləndirmələrinə görə, Çinin arsenalında 600-dən çox nüvə başlığı var. ABŞ və Rusiyanın isə hər birinin nüvə başlıqlarının sayı 5 mindən çoxdur.

Pekin indiyədək nüvə arsenallarının məhdudlaşdırılmasına dair sazişin bağlanmasına ciddi maraq göstərməyib.

TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər