Depressiya erkən demensiyanın əlaməti ola bilər - XƏBƏRDARLIQ

Dünya

11.06.2025 13:54

Depressiya, psixoz, görmə və hərəkət koordinasiyası ilə bağlı problemlər erkən demensiyanın başlanğıc əlamətləri ola bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Conversation" nəşri məlumat yayıb.

Bildirilib ki, demensiya ənənəvi olaraq yaşlı insanlarla əlaqələndirilsə də, bu xəstəlik 65 yaşdan aşağı şəxslərdə də inkişaf edə bilər. Hətta nadir hallarda uşaqlarda belə demensiyanın formalarına rast gəlinir.

Həkimlərin sözlərinə görə, demensiya tək bir xəstəlik deyil, beyin zədələnməsi və idrak funksiyalarının zəifləməsi ilə bağlı bir sıra pozuntuların ümumi adıdır.

Yaşlı insanlarda demensiya halları əsasən alzaimer xəstəliyi ilə bağlı olur və bu, ümumi halların 50–75%-ni təşkil edir. Lakin 65 yaşdan aşağı insanlarda bu nisbət cəmi 40%-ə qədərdir. Qalan hallarda isə daha az tanınan və fərqli simptomlarla müşahidə olunan demensiya formaları müşahidə olunur.

Gənc yaşlarda demensiyanın erkən mərhələsində yaddaş pozuntularından çox koordinasiya, görmə, nitq, əşyaları tanıma və məkan yönümlülüyündə problemlər meydana çıxır. Bəzi hallarda xəstələrdə sayıqlamalar və hallüsinasiyalar da müşahidə edilir və bu simptomlar tez-tez psixi xəstəliklərlə qarışdırılır.

Bundan əlavə, erkən demensiyanın simptomları depressiya, təşviş pozuntusu və ya bipolyar pozuntu ilə oxşar ola bilər. Qadınlarda isə bu əlamətlər bəzən yanlış olaraq klimaks (menopauza) və ya emosional yanma sindromu ilə əlaqələndirilir.

Pasiyentlərin və hətta bəzi həkimlərin bu cür simptomları demensiya ilə əlaqələndirməməsi, diaqnozun vaxtında qoyulmasını çətinləşdirir və gecikdirilmiş tibbi müdaxiləyə səbəb ola bilər.

Töhfə Səməd 

tag: Depressiya,Psixoz,Demensiya,Diaqnoz,todaypress.tv,