Tramp: “ABŞ İranın əlindən nüvə bombasını aldı”

Dünya

23.06.2025 05:00

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı keçirilən hərbi əməliyyatı uğurlu adlandırıb və bununla Vaşinqtonun Tehranın "əlindən bombanı aldığı" fikrini irəli sürüb. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.

"Biz dünən heyrətamiz bir hərbi uğura imza atdıq, bombanı birbaşa onların əlindən aldıq. Əllərində fürsət olsaydı, ondan istifadə edərdilər!", – deyə Tramp bildirib. 

Onun sözlərinə görə, müvafiq hücum Vaşinqton üçün tam və mütləq qələbə olub.

Tramp eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Tomas Masini sərt şəkildə tənqid edib. Masi hücumların ABŞ Konstitusiyasına zidd olduğunu bildirmişdi. Tramp isə partiyadaşının bu mövqeyinə görə, qarşıdan gələn Respublikaçılar partiyasının praymerizində onun rəqibini dəstəkləyəcəyini açıqlayıb.

Qeyd edək ki, bu ilin mart ayında ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Talsi Qabbard İranın nüvə silahı hazırladığına dair heç bir əlamət müşahidə olunmadığını bildirmişdi. Onun sözlərinə görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 2003-cü ildə dayandırılmış nüvə silahı proqramının bərpasına icazə verməyib. Lakin Qabbard əlavə etmişdi ki, ABŞ kəşfiyyatı İranın nüvə fəaliyyəti ilə bağlı vəziyyəti diqqətlə izləməkdə davam edir.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,İran,Nüvə,todaypress.tv,