Aİ ölkələri İrana nüvə danışıqlarına qayıtmaq çağırışı etdi

Dünya

23.06.2025 15:35

Polşa, Litva, Estoniya və Finlandiya, ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra Tehranı danışıqlar masasına qayıtmağa çağırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclası ərəfəsində bəyanatlar verilib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, İran uranın zənginləşdirilməsini daha prioritet məsələ kimi görür. O, Cenevrədə aparılan danışıqlarda Yaxın Şərqdə gərginliyi azaltmağa çalışan Avropa diplomatiyasına təşəkkür edib və Aİ-nin üzərinə düşəni etdiyinə inandığını qeyd edib.

Sikorski həmçinin Yaxın Şərqdəki qarşıdurmanın Ukraynadakı müharibəyə diqqəti azaltmasından narahat olduğunu bildirib: “Putin Ukraynaya təxribat olmadan hücum etdi. ABŞ və İsrail isə İranın nüvə bombası əldə etməsinin qarşısını almaq üçün hərəkətə keçdi. Bu fərqli motivasiyalardır”.

Litva xarici işlər naziri Kestutis Budryus əlavə edib ki, diplomatik qərarlar alınmazsa region daha da qeyri-sabit ola bilər. O, İranı sülh yolunu seçməyə məcbur etməyə çağırış edib.

Budryus İranın nüvə silahına yiyələnməsinin İsrail və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə olduğunu deyib və diplomatik yollarla həll yollarının tapılmasını vacib sayıb. O, İranın həm firavan gələcək, həm də Avropa ilə möhkəm əlaqələr qurmaq fürsətinə malik olduğunu vurğulayıb.

Estoniya xarici işlər naziri Marqus Tsahkna isə bildirib ki, vəziyyətin regional müharibəyə çevrilməməsi vacibdir və hazırkı gedişatın İranın nüvə proqramını zəiflətməsini müsbət qiymətləndirib.

Finlandiya xarici işlər naziri Elina Valtonen isə beynəlxalq hüquqa hörmətlə yanaşmağın vacibliyini vurğulayıb və bütün tərəfləri danışıqlara qayıtmağa çağırıb.

Töhfə Səməd

tag: Polşa,Litva,Estoniya,Finlandiya,ABŞ,İran,İsrail,todaypress.tv,