Yaponiyada “kosmik səyahət dövrü” başlayır
Dünya
29.10.2025 19:30
Yaponiyanın "Nippon Travel Agency" turizm şirkəti və Tokio startapı "Innovative Space Carrier (ISC)" kosmik səyahət layihəsinin reallaşdırılması barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, “The Mainichi” nəşrinin məlumatına görə, layihə gələcəkdə Tokio ilə Nyu-York arasındakı uçuş müddətini cəmisi 1 saata endirməyə imkan verəcək.
Rəsmi açıqlamaya əsasən, gediş-dönüş biletinin qiyməti təxminən 100 milyon yen (təqribən 657 min dollar) olacaq. Kosmik nəqliyyat vasitəsinin dəniz platformasından buraxılması planlaşdırılır və o, Yer kürəsində istənilən iki nöqtəni təxminən 60 dəqiqəyə birləşdirəcək.
Kosmik səyahət proqramına müraciətlərin 2026-cı maliyyə ilində qəbuluna başlanacaq. Layihə mərhələlərlə həyata keçiriləcək: ilkin mərhələdə iştirakçılara kosmik qida dadımı və yerüstü obyektlərə turlar təklif olunacaq, 2040-cı illərdə isə orbital qalma xidmətinin işə salınması planlaşdırılır.
Tərəfdaşlıq çərçivəsində "Nippon Travel Agency" kosmik turizmlə bağlı əlavə məhsulların hazırlanması və tanıdılması ilə məşğul olacaq. ISC-nin prezidenti Kodziro Hatada bildirib ki, şirkət hər bir kosmik gəminin istismar dövründə daha çox uçuş həyata keçirməklə səyahət xərclərini azaltmağı hədəfləyir.
Qiymət Mahir
tag: Nippon Travel Agency,Yaponiya,Tokio,Kosmik nəqliyyat,Todaypress.tv,
