Cənubi Koreyada sabiq prezidentin həbs müddəti uzadıldı
Dünya
02.01.2026 17:55
Cənubi Koreyada məhkəmə sabiq Prezident Yun Sok Yolun həbsdə saxlanılma müddətinin daha altı ay uzadılması barədə qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Jurnalistlərin yazdığına görə, sabiq dövlət başçısına qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar arasında 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə bağlı düşmən dövlətə yardım göstərmək maddəsi də yer alır. Məhkəmə hakimi Yun Sok Yolun sübutları məhv edə biləcəyi ilə bağlı narahatlıqları əsas gətirib.
Qeyd edək ki, 2025-ci ilin iyulunda Seul məhkəməsi Yun Sok Yolun barəsində həbs qətimkan tədbiri seçmişdi. Bu qərar onun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməyə cəhd göstərməsi ilə əlaqələndirilmişdi. Həmin vaxt prezident bu addımı “Şimali Koreyapərəst qüvvələri aradan qaldırmaq və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah etmişdi. Lakin bir neçə saat sonra parlament hərbi vəziyyətin ləğvinə səs vermişdi.
Qiymət Mahir
tag: Məhkəmə,Cənubi Koreya,Yun Sok Yol,Todaypress.tv,
