Avropa İtaliyada etiraz etdiyi bu siyasəti indi qaydaya çevirib
İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində həyata keçirdiyi siyasəti müdafiə edib.
TodayPress TV xəbər verir ki, “Bu gün deyə bilərik ki, İtaliya artıq Avropanın qaçqın düşərgəsi deyil. Bunu söyləyirəm, çünki əldə etdiyimiz nəticə ilə səmimi qürur duyuram”, - deyə Meloni bildirib.
O qeyd edib ki, əvvəllər qeyri-qanuni miqrasiyaya qarşı irəli sürdükləri ideyalar “Avropanın hüquqi sivilizasiyasına zidd” və qəbuledilməz hesab olunurdu.
“Bu gün isə həmin ideyaların Avropanın hüquqi sivilizasiyasının bir hissəsinə çevrilməsi ilə qürur duyuram. Çünki artıq bu yanaşmalar Avropa İttifaqının qaydalarında öz əksini tapıb”, - Meloni deyib.
İtaliyanın Avropadakı rolundan danışan baş nazir ölkəsinin öz gücünü dərk edərək və sağlam düşüncə ilə hərəkət etməsinin başqalarını izləmək əvəzinə istiqamət müəyyənləşdirməyə imkan verdiyini vurğulayıb.
Kübra Musayeva