Almaniyada iqtisadi artım proqnozu sıfıra endirildi
Dünya
21.05.2025 17:10
Almaniyanın aparıcı iqtisadi ekspertləri 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,4 faizdən sıfıra endiriblər.
TodayPress TV xəbər verir ki, Bu barədə Almaniya İqtisadi Mütəxəssislər Şurasının təqdim etdiyi hesabatda bildirilib.
Vurğulanıb ki, Almaniya iqtisadiyyatı artıq uzun müddətdir zəiflik mərhələsindədir. İki il ardıcıl resessiyaya məruz qalan ölkənin iqtisadiyyatı hələ də bərpa olunmayıb. Bürokratik əngəllər, ləng təsdiqləmə prosedurları və struktur dəyişikliklərinin sürətlənməsi hazırda güclü hesab olunan sektor və regionlarda belə iqtisadi zəifliyə səbəb olur.
Mütəxəssislər əlavə edirlər ki, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti qlobal iqtisadi artım üçün əlavə risk yaradır. Bununla belə, Almaniyada yeni formalaşmış hökumətin təqdim etdiyi maliyyə paketi infrastrukturun modernləşdirilməsi və gələcəkdə daha yüksək artım templərinin təmin olunması üçün mühüm fürsət kimi dəyərləndirilir.
İqtisadi Şuranın sədri Monika Şnitser deyib ki, yaxın gələcəkdə Almaniya iqtisadiyyatına əsas təsir göstərən iki amil olacaq. Bunlar ABŞ-nin ticarət siyasəti və Almaniyanın maliyyə paketidir.
Şnitser əlavə edib ki, ABŞ-nin gömrük tariflərinə dair siyasəti Almaniyanın onsuz da zəifləyən ixrac sektoruna əlavə təzyiqlər yaradır. Tariflərin kəskin və proqnozlaşdırılmaz şəkildə artması Almaniyanın ixrac göstəricilərində daha da geriləməyə səbəb ola bilər.
Hesabatda qeyd edilir ki, 2026-cı ildən etibarən Almaniya hökumətinin təqdim etdiyi maliyyə paketi inşaat, avadanlıq və dövlət xərclərində investisiyaların artmasına təkan verəcək. Eyni zamanda, inflyasiyaya uyğunlaşdırılmış real gəlirlərin artması fonunda özəl istehlakın da 2025-ci illə müqayisədə bir qədər sürətlənəcəyi gözlənilir.
İqtisadi Mütəxəssislər Şurasının bu proqnoz dəyişikliyi Almaniya hökumətinin 2025-ci il üçün iqtisadi artımı sıfıra endirdiyi aprel ayındakı açıqlamasını təsdiqləyir. Həm hökumət, həm də Şura 2026-cı ildə 1 faizlik artım gözləyir.
Qeyd edək ki, bir vaxtlar Avropa iqtisadiyyatının lokomotivi hesab olunan Almaniya son iki ildə resessiya, inflyasiya, yüksək enerji qiymətləri və azalan ixracla üz-üzə qalıb. Bütün bu amillər Almaniya biznesini ciddi şəkildə zəiflədib.
Töhfə Səməd
tag: Almaniya,İqtisadiyyat,Artım,Sıfır,todaypress.tv,