ABŞ amerikalıları dərhal Rusiyanı tərk etməyə çağırdı
Dünya
02.01.2026 15:15
ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlığını yeniləyib və ölkədə olan amerikalıları dərhal ərazini tərk etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Dövlət Departamenti xəbərdarlığını terror təhlükəsi, əsassız saxlanılma riski və yerli qanunların özbaşına tətbiqi ilə əlaqələndirib. Bildirilib ki, Moskvadakı səfirliyin ştatının ixtisarı və Rusiyadakı konsulluqların fəaliyyətinin dayandırılması səbəbindən ABŞ rəsmilərinin amerikalılara yardım imkanları xeyli məhdudlaşıb.
Sənəddə vurğulanır ki, Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər. Qeyd olunur ki, Rusiya rəsmiləri ABŞ vətəndaşlarını heç bir əsas olmadan tez-tez dindirir və hədələyir. Xəbərdarlıqda, həmçinin Rusiya xüsusi xidmət orqanları tərəfindən amerikalıların saxta ittihamlarla saxlanılması hallarının mövcud olduğu xatırladılır.
Səyahətçilərə elektron cihazların ölkəyə gətirilməsinin məqsədəuyğunluğunu yenidən nəzərdən keçirmək tövsiyə edilib. Tövsiyələrdə bütün elektron rabitə vasitələri və qurğuların izlənildiyi ehtimalının əsas götürülməli olduğu qeyd olunur.
Sanksiyalar səbəbindən ABŞ-nin debet və kredit kartlarının Rusiyada işləmədiyi, ABŞ-dən Rusiyaya elektron pul köçürmələrinin isə demək olar ki, mümkün olmadığı bildirilir. Xəbərdarlıqda Rusiyaya getməyə qərar verən turistlərin qeyri-müəyyən müddətə saxlanılma ehtimalına hazır olmaları tələb olunur.
Bundan əlavə, ABŞ vətəndaşlarına Rusiyada olduqları müddətdə sosial şəbəkə hesablarından çıxmaq və onlardan istifadə etməmək də tövsiyə edilib.
Qiymət Mahir
tag: ABŞ ,Rusiya,Sanksiya,Dünya,Todaypress.tv,
