Tıxac Bakıdan böyük oldu - “15 dəqiqəlik şəhər” problemi həll edəcək?
Cəmiyyət
15.04.2026 15:51
"İnsanların evdən ünvana tıxac səbəbilə gec çatması şəhərlərə görə dəyişir və sabit bir rəqəm demək mümkün deyil".
Bunu TodayPress TV-yə açıqlamasında Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, dünya üzrə bu məsələ “tıxac indeksi” kimi müxtəlif metodlarla ölçülür və həmin göstəricilər əsasında şəhərlərdə gecikmələrin səviyyəsi müəyyən edilir:
"Bakı üzrə bu göstərici sistemli şəkildə ölçülmür. Bununla belə, tıxac səviyyəsini qiymətləndirmək üçün müxtəlif beynəlxalq platformalardan istifadə olunur. Problemin həlli üçün dünyada “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq olunur. Bu yanaşmaya əsasən, vətəndaşların gündəlik ehtiyaclarını məktəb, bağça, iş yerləri, əyləncə və digər xidmətləri piyada məsafədə qarşılaması nəzərdə tutulur".
Ekspert əlavə edib ki, Bakı hazırda monosentrik, yəni bir mərkəzli şəhər strukturu ilə xarakterizə olunur:
"Gələcək hədəf isə şəhərin polisentrik, yəni çoxmərkəzli modelə keçməsidir. Bu halda müxtəlif mərkəzlər arasında sürətli nəqliyyat əlaqələrinin qurulması planlaşdırılır. Tıxac problemi hər ölkə və şəhərdə fərqli şəkildə özünü göstərir və bu, günün saatı, hava şəraiti, tədbirlər və digər amillərdən asılı olaraq dəyişir. Əsas məsələ insanların alternativ nəqliyyat imkanlarına çıxışıdır. Buraya piyada hərəkət, mikromobillik vasitələri, avtobus, metro, dəmir yolu və tramvay kimi ictimai nəqliyyat növləri daxildir. Bəzi hallarda isə insanlar “hibrid səyahət” modelindən istifadə edir, yəni bir neçə nəqliyyat növünü birləşdirərək hərəkət edirlər".
Rauf Ağamirzəyevin fikrincə, tıxacın real təsirini tək bir rəqəmlə ifadə etmək mümkün deyil, çünki bu göstərici şəhərdən şəhərə və şəraitdən şəraitə dəyişir. Dünyada həm daha ağır, həm də daha optimal nəqliyyat sistemi olan şəhərlər mövcuddur.
Türkan İsgəndərli
tag: Rauf Ağamirzəyev,Ekspert,Tıxac,Bakı,Todaypress.tv,
