Millətvəkili: "Bu, Qurban Qurbanovun yaratdığı bir möcüzədir"
Cəmiyyət
06.11.2025 17:58
"Ölkədə rəqabətsiz belə güclü bir komandanın olması möcüzədir".
Bunu Milli Məclisin deputatı Fazil Mustafa "Qarabağ" - "Çelsi" mübarizəsini TodayPress TV-yə şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, "Qarabağ"ın İngiltərə nəhəngi ilə başabaş oynaması və bu səviyyədə nəticə qazanması Azərbaycan futbolu üçün böyük hadisədir:
"Qələbəyə bərabər heç-heçə olmur. Elə bu, qələbə kimi də qiymətləndirilməməlidir. Bu bir möcüzədir. Yəni bu cür zəif milli çempionatı olan bir ölkədə belə bir komandanın ortada olması böyük bir möcüzədir".
Parlamentari qeyd edib ki, Azərbaycan çempionatında rəqabət səviyyəsi aşağı olsa da, "Qarabağ"ın bu şəraitdə belə uğur qazanması təsadüfi deyil:
"Praktik futbol demək, imkanları və mühiti olmalıdır ki, bu cür bir neçə komanda olsun, onun içindən rəqabətdə belə komanda çıxsın. Rəqabətsiz bu qədər güclü bir komanda ortada olması möcüzədir".
Millət vəkili əlavə edib ki, "Qarabağ" komandası "Çelsi" qarşısında qalib gəlmək imkanına da sahib idi:
"Çelsi"yə qalib gəlmə imkanları böyük idi. Başa-baş oynadı və böyük bir uğur göstərdi. Mən hesab edirəm ki, "Qarabağ"ın samballı qol vura biləcək, çox güclü, peşəkar hücumçusu olsa, komandanın qarşısında durmaq çox çətin olacaq".
Fazil Mustafa komandanın baş məşqçisi Qurban Qurbanovun gördüyü işləri yüksək qiymətləndirib və "Qarabağ"a növbəti oyunlarda da uğurlar arzulayıb:
"Bu, Qurban Qurbanovun yaratdığı bir möcüzədir".
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində dördüncü oyununa çıxıb. Ağdam klubu evdə İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə sonlanıb.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Futbol,Qarabağ,Çelsi,Todaypress.tv,
