Məktəblərdə telefon və ağıllı cihazların istifadəsinin tam qadağan edilməsi - Təkliflər AÇIQLANDI

Cəmiyyət

16.04.2026 14:48

"Son illərdə məktəb mühitində baş verən hücumlar təkcə fərdi motivlərlə izah edilə bilməz və bu prosesdə sosial media platformaları, o cümlədən bağlı qruplar və mesajlaşma tətbiqləri vasitəsilə radikallaşma riskləri artır"

TodayPress TV xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev deyib.

O, dünyada və regionda məktəblərdə baş verən zorakılıq hadisələri, sosial şəbəkələrin təsiri və uşaqların psixoloji vəziyyəti ilə bağlı ciddi narahatlıqlarını ifadə edib:

"Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumları, eləcə də Azərbaycanda məktəbdə baş verən və dünyada artan bu təhlükəli hadisə elə belə şəxsi motivlər əsasında icra edilmir. Sosial media və vatsap tipli proqramlarda uzun zamandır "Kolumbayn" (məktəb atışmaları) adlı icmalar var və onlar bağlı formada azyaşlıları cinayətə sövq edirlər. Qrupa üzv olanların əksəriyyəti də məktəblərdə bulinqə məruz qalan uşaqlardır. Psixoloji sarsıntı keçirən şagirdlər və yeniyetmələr bu qrupların təsirinə düşərək qisas almaq məqsədilə ağır cinayət törədərək ‘səni əzəni öldür’ təbliği edirlər".

Keçmiş millət vəkili həmçinin dünya psixoloqları və həkimlərinin sosial şəbəkələrin uşaqlar üzərində təsiri ilə bağlı xəbərdarlıqlar etdiyini bildirib və “Həyəcanlı nəsil” anlayışının artıq elmi müzakirələrdə yer aldığını qeyd edib.

"Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq, oliqofreniya” adlı yeni xəstəliyin yaranmasını bəyan ediblər. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsini xarakterizə edir. Mütəxəssislər deyirlər ki, əsas risk qrupu – yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından qeyri/rasional istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə isə dayanır. Bunun nəticəsində gənc insanlar inkişafdan qalırlar ki, bu da müxtəlif növlü kəmağıllıq əmələ gətirir. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verib".

O, məşhur psixoloq Conathan Haidtin “Narahat nəsil” kitabına da istinad edib. Kitabda rəqəmsal mühitin uşaqlara təsirini azaltmaq üçün bir sıra təkliflər yer alır:

* Yuxarı siniflərə qədər smartfon istifadəsinin məhdudlaşdırılması;

* 16 yaşına qədər sosial şəbəkələrə girişin qadağan olunması;

* Məktəblərdə telefon və ağıllı cihazların istifadəsinin tam qadağan edilməsi;

* Uşaqlar üçün daha çox sərbəst oyun və sosial interaksiya imkanlarının yaradılması.

Etibar Əliyev sonda Türkiyədə baş verən hadisələrə də toxunaraq Kahramanmaraş və Şanlıurfa şəhərlərində məktəblərə edilən hücumlarda həlak olanlar üçün başsağlığı verib və bu cür faciələrin cəmiyyətlər üçün ciddi siqnal olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Etibar Əliyev,Sabiq deputat,Məktəb,Telefon,Ağıllı cihaz,Todaypress.tv,