Mafiya söhbətləri yeniyetmələrin beynini "yuyur" - Gənclər niyə bu obrazlara meyillidirlər?
Cəmiyyət
16.04.2026 16:18
Son dövrlər yeniyetmələr arasında baş verən zorakılıq halları və aqressiv davranışlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə bu kimi hadisələrin səbəbləri müzakirə olunarkən, tez-tez filmlərin və serialların təsiri ön plana çəkilir.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva TodayPress TV-yə bildirib ki, bu tip hadisələri yalnız filmlər və serialların təsiri ilə izah etmək tam doğru hesab etmək olmur və məsələyə daha kompleks yanaşmaq lazımdır.

Psixoloqun sözlərinə görə, yeniyetmələrin bu cür davranışlara yönəlməsi adətən bir neçə faktorun üst-üstə düşməsi ilə bağlı olur:
"Bu tip hadisələrə tək bir səbəblə yanaşmaq olmaz. Seriallar və filmlər müəyyən təsir göstərə bilir, lakin bu, əsas səbəb götürməməlir. Daha çox psixoloji və sosial problemlərə diqqət yetirmək lazımdır. Bu amillər baş verən situasiyaları gücləndirən faktorlar kimi çıxış edir".
Ekspert vurğulayıb ki, uşağın formalaşmasında ailə mühiti həlledici rol oynayır və emosional ehtiyacların qarşılanmaması ciddi nəticələrə səbəb ola bilər:
"Ailə mühiti ən əsas faktorlardan biridir. Əgər uşaq ailədə emosional dəstək, təhlükəsizlik və düzgün sərhədlər görmürsə, dəyər, sevgi və diqqət hissini yaşamırsa, özünü dəyərsiz və laqeyd münasibətə məruz qalmış hiss edi. Bu zaman daxilində yığılan aqressiya və diqqət ehtiyacı fərqli formalarda üzə çıxa bilər. Valideynlərlə zəif ünsiyyət, laqeydlik və ya həddindən artıq sərt nəzarət uşağın daxili balansını poza bilər".
Mütəxəssis əlavə edib ki, yeniyetməlik dövrü kimlik axtarışı mərhələsi olduğu üçün bu yaşda baxılan məzmunların təsiri daha həssas şəkildə hiss olunur:
"Mafiya mövzulu seriallar və zorakılıq elementləri olan filmlər xüsusilə yeniyetmə yaşında müəyyən təsir göstərə bilər. Bu dövrdə gənclər özlərini axtarırlar. Güc, hakimiyyət və aqressiya nümayiş etdirən obrazlar onlar üçün cəlbedici ola bilər. Əgər yeniyetmənin daxili dünyasında boşluq, aqressiya və ya diqqət ehtiyacı varsa, bu tip obrazlar onun üçün modelə çevrilə bilər. Əgər uşaqda daxili boşluq və ya aqressiya varsa, bu cür obrazlar onun üçün "model" rolunu oynamağa başlayır. Bu təsir birbaşa deyil, lakin mövcud risk faktorlarını gücləndirir. Yəni bu, alovu yaradan yox, onu daha da alovlandıran bir amildir".
Psixoloq sosial mühitin və məktəb təcrübəsinin də mühüm rol oynadığını diqqətə çatdırıb:
"Əgər yeniyetmə məktəbdə zorakılıq, təcrid və ya təzyiqlə üzləşirsə, bu da psixoloji problemlərin dərinləşməsinə səbəb olur. Fərdi xüsusiyyətlər də bu davranışların formalaşmasında rol oynayır. Problemin həlli üçün əsas diqqət uşağın yaşadığı mühitə və psixoloji vəziyyətinə yönəlməlidir. Belə hadisələri yalnız serialların üzərinə atılmamalı, ancaq izlədiyi serial və filmlərə mütləq diqqət yetirilməlidir. Əsas məsələ uşağın yaşadığı mühit, ailə dəstəyi, emosional vəziyyəti və psixoloji sağlamlığıdır. Sağlam ünsiyyət və erkən müdaxilə bu risklərin qarşısını almaqda ən təsirli yollardan biridir".
Nabat Mirzəyeva qeyd edib ki, sağlam psixoloji vəziyyətdə olan uşaq bu cür məzmunlara sadəcə baxır, lakin daxili problemləri olan uşaqlar baxdıqlarını davranışa çevirə bilirlər.
Uşaqların yaşından asılı olmayaraq onları bu cür zorakılıq və aqressiya məzmunlu film və seriallardan mümkün qədər uzaq tutmaq, izlədikləri məzmuna nəzarət etmək də vacibdir.
Türkan İsgəndərli
tag: Nabat Mirzəyeva,Psixoloq,Uşaqlar,Mafiya,Todaypress.tv,
