Küçə ticarəti reydi narazılıq doğurdu: Hüquqi əsas var?
Cəmiyyət
19.01.2026 17:26
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu iddia edilən şəxsin sahibkarla kobud davranaraq məhsulunu müsadirə etməyə qanuni əsasları yoxdur".
Bu fikirləri vəkil Sahib Məmmədov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti əməkdaşlarının inzibati protokol və məhkəmə qərarı olmadan məhsul götürmək səlahiyyəti mövcud deyil və belə hallarda düzgün prosedur yalnız xəbərdarlıq, rəsmi sənədləşmə və səlahiyyətli qurumlar vasitəsilə həyata keçirilməlidir:
"Küçə ticarəti dünyanın bütün ölkələrində mövcuddur və bu, yalnız Azərbaycana xas bir hal deyil. Avropa ölkələrində, xüsusilə Fransada küçə ticarəti geniş yayılıb. Fransanın demək olar ki, istənilən kommunasında şənbə və bazar günləri küçələr bağlanır, hətta meriyanın qarşısında bazarlar qurulur. Əhali və ətraf icmaların nümayəndələri öz məhsullarını gətirib satırlar. Buna "şənbə bazarı", "birgünlük bazar" və ya "həftə bazarı" deyirlər. Küçə ticarəti olmayan ölkə demək olar ki, yoxdur".
Vəkil vurğulayıb ki, əsas məsələ küçə ticarətinin olub-olmaması yox, onun qanun və qaydalar çərçivəsində tənzimlənməsidir:
"Bu proses kiminsə subyektiv mülahizəsi əsasında yox, konkret qanunvericilik normaları ilə həyata keçirilməlidir. Küçə ticarəti mütləq sanitar-gigiyenik tələblərə cavab verməli, ictimai nəqliyyatın və insanların sərbəst hərəkətinə mane olmamalıdır".
Qeyd edək ki, Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu deyilən şəxsin sahibkarla kobud davranaraq məhsulunu müsadirə etdiyi deyilir.
Türkan İsgəndərli
tag: Sahib Məmmədov,Hüquq Müdafiəçisi,Küçə,Ticarət,Reyd,Todaypress.tv,
