Kirayə qiymətlərində artım gözlənilir - AQC sədri AÇIQLADI
Cəmiyyət
03.11.2025 18:05
Son üç il ərzində ölkənin daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir. Qiymətlər demək olar ki, ilin bütün dövrlərində sabit şəkildə yüksəlməkdədir. Ən çox bahalaşma torpaq sahələrində və mənzillərdə müşahidə olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il torpaq sahələrinin qiyməti 18%, qeyri-yaşayış sahələri 14%, fərdi yaşayış evləri 14,5%, köhnə tikililər 11,5%, yeni tikili mənzillər 16,3%, təməldən tikilən binalar isə 17,4% bahalaşıb.
Onun sözlərinə görə, son ayın nəticələri də artımın davam etdiyini göstərir. Ən çox qiymət artımı torpaq sahələrində (3,4%) və təməl mərhələsində olan tikililərdə (3%) qeydə alınıb. Qeyri-yaşayış sahələrində bu artım 2%, fərdi yaşayış evlərində 1,1%, yeni tikililərdə 1,9%, köhnə binalarda isə cəmi 0,7% təşkil edib.
"Köhnə tikililərə marağın azalması əsasən onların sökülməsi və yerində parkların, yaşıllıq sahələrinin və yeni binaların inşa olunması ilə əlaqədardır. Bazarda mənzil alanların mütləq əksəriyyəti artıq yeni tikililərə üstünlük verir. Köhnə binalara tələbat demək olar ki, qalmayıb".
Mütəxəssis əlavə edib ki, enerji pasportu və yeni tikinti normalarının tətbiqi bazarda əlavə dəyişikliklər yaradacaq. Onun fikrincə, bu, gələcəkdə daha təhlükəsiz və müasir standartlara cavab verən binalara tələbatı artıracaq, nəticədə qiymətlərdə yenidən bahalaşma müşahidə ediləcək:
“Fiziki şəxslər üçün kirayə gəlirlərinə tətbiq edilən verginin 14%-dən 10%-ə endirilməsi bu sahədə rəsmi qeydiyyatları artıracaq. Vergi yığımı sürətləndikcə və kirayə münasibətləri rəsmiləşdikcə, qiymətlərin artımı da qaçılmaz olacaq. İlk mərhələdə kirayə qiymətlərində 5-7%-lik artım gözlənilir”, - deyə Vüqar Oruc fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Vüqar Oruc,AQC,Kirayə,Qiymət,Todaypress.tv,
                                            
        