Bu ailələr cinayətkar böyüdür - DİQQƏTLİ OLUN

Cəmiyyət

16.04.2026 14:41

"Sosial şəbəkələr bu gün uşaqlar və yeniyetmələrin sosiallaşmasında ailə və məktəblə yanaşı, bəzən hətta onlardan daha güclü təsirə malik olur." 

Bunu TodayPress TV-yə açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. 


Onun sözlərinə görə, bu mühit həmişə sağlam olmur.

"Təəssüf ki, burada aqressiyanı artıran, mənfi nümunələr yaradan, bəzən isə hüquq və əxlaq normalarına zidd paylaşımlar da mövcuddur. Bu cür məzmunlar yeniyetmələrin davranışlarına mənfi təsir göstərə bilər.

Əvvəllər müxtəlif ölkələrdə uşaqlar və yeniyetmələr arasında davranış pozuntuları daha çox yerli sosial və mədəni faktorlarla izah olunurdusa, indi internet və sosial şəbəkələr bu təsirləri qlobal miqyasda yayır. Yəni bir ölkədə baş verən mənfi davranış nümunəsi qısa zamanda digər ölkələrdə də təkrarlana bilər".

Sosioloq əlavə edib ki, sosial şəbəkələr və rəqəmsal texnologiyalar yeniyetmələrdə bəzən özünəqapanma, real ünsiyyətdən uzaqlaşma və sosial bacarıqların zəifləməsi kimi problemlərə də səbəb ola bilər:

"Ailə mühitindəki gərginlik və düzgün qurulmayan münasibətlər bu təsirləri daha da gücləndirir. Bəzi hallarda yeniyetmələrdə yaranan psixoloji gərginlik aqressiv davranış kimi üzə çıxa bilər, bəzən isə bu gərginlik özünəqapanma və daxilə yönəlmiş zərərli davranışlarla nəticələnir. Bu proses həm ailə tərbiyəsi, həm də sosial mühitin təsiri ilə formalaşır".

Ekspert vurğulayıb ki, bu sahədə həm ailələrin maarifləndirilməsi, həm məktəblərdə psixoloji dəstəyin gücləndirilməsi, həm də ümumilikdə media savadlılığının artırılması vacibdir. Onun fikrincə, sosial şəbəkələrdə zərərli məzmunun qarşısının alınması və daha təhlükəsiz rəqəmsal mühitin yaradılması da mühüm rol oynaya bilər.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə silahlı hücum baş verib. Hadisə 14 yaşlı İsa Aras Mersinli tərəfindən törədilib. Nəticədə 9 nəfər ölüb. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Üzeyir Şəfiyev,Sosioloq,Ailə,Cinayətkar,Todaypress.tv,