20 Yanvar faciəsinin şahidi, I Qarabağ müharibəsinin şəhidi Sabir Muradov - VİDEO
Cəmiyyət
20.01.2026 17:57
20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, o ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın mübarizə aparan qəhrəmanlardan biri də Muradov Sabir Yaqub oğlu olub.
Şəhidimizin bacısı Xanməmədova Təranə qəhrəman qardaşı ilə bağlı TodayPress TV-yə danışıb.
O bildirib ki, Sabir də əqidədaşları ilə birlikdə Salyan kazarmasında Sovet ordusuna qarşı əliyalın vuruşanlardan biri olub.
Həmin o qanlı gecədə Sabir, Bakı küçələrində eşidilən atışma səslərinə, tankların altında qalaraq əzilən maşınlara, canını güllələrə sipər edən insanların qanına bulaşmış küçələrə şahidlik edir.
İki gün yaralı Sabirdən xəbər ala bilməyən ailəsi onun adını o zamanlarda tirajlanan “Səhər” qəzetində adları çəkilən yaralıların arasında görür və ailənin əzablı günləri də o vaxtdan başlayır.
20 Yanvar faciəsinin yarasını alan Sabir 1992-ci ildə baş vermiş əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsində ermənilər tərəfindən həmvətənlərimizə qarşı törədilmiş cinayətləri haqda məlumat eşitdikdə onun intiqam hissi daha da böyüyür və Sabir həmin ildə ailəsinin xəbəri olmadan yaradılmış “Qisasçı” 20 Yanvar batalyonuna yazılır. Könüllü olaraq döyüşlərə qatılır.
Şəhidimiz Sabir Muradovdan geriyə xatirələri və bir də illər keçsə də, doğmalarının gözündə qurumayan göz yaşları qalıb.
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu faciəni nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü, bütöv Azərbaycanı görəndə bundan böyük qürur hissi keçiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vüsalə Nəciyeva
tag: 20 Yanvar, Şəhid,Müsahibə,Muradov Sabir,Todaypress.tv,
