14 günlük atalıq məzuniyyətinin hansı faydaları olacaq?
Cəmiyyət
19.01.2026 17:56
"Kişilərin ata olduqda 14 gün ödənişli məzuniyyətə çıxma qərarı yalnız hüquqi yenilik deyil, eyni zamanda sosial münasibətlərin transformasiyasına xidmət edir".
Bunu TodayPress TV-yə açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Onun fikrincə, uşağın doğulmasından sonrakı ilk günlərdə atanın ailə yanında olması ana üzərindəki fiziki və psixoloji yükü əhəmiyyətli dərəcədə azaldır və ailə daxilində əmək bölgüsünü daha sağlam formada qurur:
"Ataların bu prosesdə aktiv iştirakı ata-uşaq münasibətlərinin erkən mərhələdə formalaşmasına imkan yaradır. Bu isə uşağın psixoloji inkişafına müsbət təsir göstərməklə yanaşı, atalıq anlayışının formal çərçivədən çıxaraq real sosial məzmun qazanmasına səbəb olur".
Sosioloq beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, atalıq məzuniyyətinin tətbiq olunduğu ölkələrdə ailə münasibətləri daha sabit olur, valideyn məsuliyyəti daha ədalətli şəkildə bölüşdürülür. Bu da uzunmüddətli perspektivdə sosial rifahın artmasına müsbət təsir göstərir:
"Normanın real nəticə verməsi üçün işəgötürənlərin bu hüquqa hörmətlə yanaşması vacibdir. Əks halda, qanunvericilikdə nəzərdə tutulan bu imkan praktikada tam şəkildə reallaşmaya bilər".
Qeyd edək ki, atalara doğuşdan əvvəl və doğuşdan sonra cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutan norma Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsində öz əksini tapıb.
Türkan İsgəndərli
tag: Hüseyn İbrahimov,Sosioloq,Atalıq məzuniyyəti,Fayda,Todaypress.tv,
