Artıq çəkidən qurtulmağın ən təhlükəsiz yolu açıqlandı
Üzgüçülük artıq çəkidən qurtulmaq üçün ən zərərsiz və təhlükəsiz üsul hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı tibbi ekspert Yekaterina Demyanovskaya "NEWS.ru" portalına verdiyi müsahibədə məlumat verib.
Mütəxəssis qeyd edib ki, əlavə kaloriləri yandırmaq məqsədilə akvaaerobika (su aerobikası) məşqlərinə də müraciət etmək olduqca səmərəlidir:
"Piylənmə probleminin həllinə ehtiyatla yanaşmaq lazımdır. İnsanın fiziki hazırlığı olmadığı halda, yüksək bədən kütlə indeksi ilə ağır məşqlər etməsi oynaqlarda zədələrə, ürək-damar sistemində ciddi fəsadlara və nəfəs darlığının kəskinləşməsinə gətirib çıxara bilər. Artıq çəki ilə mübarizənin əsasını qidalanma rejiminin tənzimlənməsi və fiziki hərəkətliliyin artırılması təşkil edir. Bu baxımdan aerobik məşqlər, yəni sakit və ritmik dözümlülük tələb edən hərəkətlər çox səmərəlidir. İlkin olaraq su aerobikası və üzgüçülük məşqlərinə başlamaq olar. Bu, kalori sərfiyyatı üçün ən təhlükəsiz variantlardan biridir", - deyə Y.Demyanovskaya vurğulayıb.
O bildirib ki, aerobika fəaliyyətlərinə heç bir əlavə ağırlıq olmadan düzənlik ərazidə yerimək də daxildir. Həkimin sözlərinə görə, ilkin mərhələdə həftə ərzində iki-üç saatlıq ümumi hərəkət kifayət edir. Ekspert diqqətə çatdırıb ki, nəbzin dəqiqədə 110 vuruşu keçməməsi şərtilə, gündəlik 15-20 dəqiqəlik yavaş templə gəzintilərlə işə başlamaq mümkündür.
Y.Demyanovskaya sözlərini belə yekunlaşdırıb: "Məşq müddətinin tədricən uzadılması ürək əzələsini həddən artıq yükləmədən lipid (piy) göstəricilərini və insulinə həssaslıq səviyyəsini normallaşdıra bilər. Suda idman etmək onurğa sütununa və oynaqlara düşən təzyiqi azaldır, bədənin ağırlıq yükünü bir neçə dəfə aşağı salır və bununla bərabər əzələlərin inkişafı üçün təbii müqavimət yaradır".