BOK rəhbəri Olimpiadada ödəniş modelinə qarşıdır
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri Olimpiya Oyunlarında idmançılara birbaşa pul mükafatlarının verilməsinin əleyhinə olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport Nation” məlumat yayıb.
O, Olimpiya hərəkatının həmrəylik modelini qorumasının vacibliyini vurğulayıb.
“İdmançılara mükafat ödənilməsinə inanmıram. Mən kiçik bir ölkədən gəlmişəm və elə bir idman növündə çıxış etmişəm ki, orada idmançılar həmişə yüksək qazanc əldə etmirdilər. Buna baxmayaraq, hesab edirəm ki, Olimpiya Oyunlarında iştirak və ya qələbəyə görə birbaşa ödənişlər edilməməlidir”, – deyə Kovenri bildirib.
Qeyd edək ki, Kirsti Koventri keçmiş üzgüçüdür və Beynəlxalq Olimpiya Komitəsi tarixində prezident vəzifəsinə yüksələn ilk afrikalı qadınlardan biridir. O, 2004 və 2008-ci illərdə keçirilən Olimpiya Oyunlarında arxasıüstə 200 metr məsafəyə üzməkdə iki qızıl medal qazanıb. Zimbabveli idmançı beş Olimpiadada iştirak edib və ümumilikdə yeddi olimpiya medalı əldə edib.
Namiq HUN