NBA hansı səbəbdən Avropaya çıxışı sürətləndirir?
İdman
02.08.2025 12:15
Amerika Milli Bassketbol Assosiasiyasının (NBA) rəhbərliyi Avropada yeni basketbol liqasının – NBA Europe layihəsinin yaradılmasını sürətləndirmək qərarına gəlib.
TodayPress TV xəbər verir ki, “Sports Business Journal”ın yaydığı məlumata görə, əsas səbəb LeBron Ceyms və onun biznes tərəfdaşı Maverik Karterin Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə alternativ beynəlxalq basketbol liqası yaratmaq planlarıdır.
NBA klublarından birinin yüksək vəzifəli şəxsi məsələ ilə bağlı bildirib:
“Düşünə bilərsiniz ki, dəli danışıram, amma məncə, NBA Avropa liqasını ona görə tələsik qurur ki, qorxur – LeBron və Maverik Səudiyyə Ərəbistanında maliyyə tapacaq və öz liqalarını yaradacaqlar. Bu birbaşa rəqabət olacaq. LeBron üçün fərqi yoxdur. Əgər Səudiyyə Ərəbistanı ona 200 milyon dollar nağd versə, razılaşacaq".
Daha əvvəl LeBron, Karter və Nikola Yokiçin agenti Mişko Raznatoviçin Fransada bir yaxtada görüş keçirdiyi və 12 komandadan ibarət beynəlxalq basketbol liqası layihəsini müzakirə etdikləri barədə xəbərlər yayılmışdı. Layihənin Səudiyyə Ərəbistanının dövlət fondu tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
NBA rəhbərliyi birbaşa rəqabət istəmədiklərini bildirsə də, “oyunu qorumaq” və onun kommersiya potensialını artırmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. NBA Avropa klublarından 500 milyon ilə 1 milyard dollar arasında üzvlük haqqı gözləyir və artıq investorlara təkliflər göndərilib.
NBA Europe layihəsinin yaxın 2–3 il ərzində start götürəcəyi, liqanın prioritet layihə kimi liqa rəhbərliyi səviyyəsində təsdiq edildiyi bildirilib.
Namiq HUN
tag: NBA,Avropa,Liqa,Çıxış,Todaypress.tv,