“Boz şəhər”in rəngli çıxış yolu: "Luna Park"lar Bakıya qayıdır?
Dünyada aparıcı turizm ölkələrinin təcrübəsi göstərir ki, əyləncə sənayesi təkcə əlavə xidmət sektoru deyil, həm də özü-özlüyündə turizmə güclü təkan verən mühüm iqtisadi sahədir.
Məsələn, Birləşmiş Ərəb Əmirliklərindəki “Ferrari World”, Sinqapurun “Universal Studios” və Paris yaxınlığındakı “Disneyland” kimi komplekslər milyonlarla turisti cəlb edir və ölkə iqtisadiyyatına milyardlarla gəlir qazandırır. Təkcə “Disneyland” 1 il ərzində 28 milyondan çox qonaq qəbul edir. İllik gəlirləri isə ortalama 30 milyard dollardır.
Lakin Azərbaycanda bu sahənin çox da inkişaf etmədiyi müşahidə olunur. Əvvəllər dənizkənarı bulvar ərazisində bir çox attraksiyonlar olsa da, zamanla ərazidən yığışdırıldı, lakin başqa bir bölgəyə köçürülmədi.
TodayPress TV-nin araşdırmasına əsasən, əslində Azərbaycanda bu istiqamətdə atılan ilk addımlar “Qəbələnd” əyləncə mərkəzi, Bakıdakı “Luna Park”lar, Gəncədəki və Sumqayıtdakı istirahət zonaları əhəmiyyətli başlanğıc nöqtələridir.
Lakin rəqabətqabiliyyətli olmaq üçün bu sahədə daha cəsarətli və strateji yanaşmalara ehtiyac var.
Azərbaycanın zəngin təbiəti və müxtəlif iqlim zonaları əyləncə parklarının mövsümi deyil, illik fəaliyyətini təmin etməyə imkan verir.
Şəki, Lənkəran, Quba və Naftalan kimi turistik bölgələrdə tematik və ya təbiətə inteqrasiya olunmuş əyləncə mərkəzlərinin qurulması, həm daxili turizmi, həm də əcnəbi turistlərin marağını artırar.
Xüsusilə Naftalan kimi sağlamlıq turizmi yönümlü bölgələrdə əyləncə ilə reabilitasiyanı birləşdirən unikal parkların yaradılması, fərqli auditoriyalara xidmət edə bilər.
Müasir dövrdə klassik lunaparklardan fərqli olaraq, rəqəmsal texnologiyalara əsaslanan “VR” zonaları, simulyasiya mərkəzləri, interaktiv muzeylər və oyun parkları daha çox maraq doğurur. Xüsusilə gənc nəsil və “Z nəslinin” tələblərini nəzərə alaraq, bu tip mərkəzlərin inkişafı vacibdir.
Bununla yanaşı, qapalı məkanlarda fəaliyyət göstərən əyləncə parkları həm hava şəraitindən asılılığı aradan qaldırır, həm də ilboyu sabit gəlir mənbəyi yaradır. Azərbaycan turizm sektorunda əyləncə sənayesini strateji prioritetə çevirərsə, bu, təkcə iqtisadi gəlirlə deyil, həm də kulturoloji təsir, imic formalaşdırılması və regionların sosial-iqtisadi inkişafı ilə nəticələnəcək.
Bu sahənin təkcə ticarət mərkəzlərinə bağlı şəkildə deyil, müstəqil biznes modelinə çevrilməsi ölkənin turizm gələcəyini daha dayanıqlı və rəqabətli edə bilər.
Çünki belə əyləncələr bir tərəfdən turizmə dəstək verir, turizm fəaliyyətlərini zənginləşdirir. Digər tərəfdən isə sağlam həyat tərzi, uşaqların və gənclərin maariflənməsi üçün önəmli sayılır, sosial xarakter daşıyırlar.
Nəticə etibarilə deyə bilərik ki, yeni iş imkanları və iqtisadiyyata ciddi töhfələrin verilməsi üçün “Luna Park”ların yaradılması tövsiyəolunandır.
Həmçinin Azərbaycanla bağlı yaradılan videoçarxlarda rəngarəngliyin qorunması üçün bu tipli əyləncə mərkəzləri ən yaxşı vasitələrdir.
Çünki texnologiya dövründə məhsulu satmağın ən yaxşı yolu parlaq, rəngli görüntülərdirsə, digəri də məhz sadə vətəndaşlar tərəfindən edilən paylaşımlardır.
Bununla da Azərbaycana səyahət edən turistlərin paylaşımlarında yer alan rəngli görüntülər potensial müştərilərin də cəlb olunmasına kömək edəcək.
Töhfə Səməd
tag: Luna Park,Bakı,Araşdırma,Əyləncə,Todaypress.tv,