Rəhman Quliyev: “Tarixi abidələr başqa sahə ilə kompensasiya edilməlidir”
“Azərbaycana gələn turistlərin sayında son illərdə artım müşahidə olunsa da, bu sahədə bir sıra problemlər qalır. Bunlardan biri də qiymət məsələsidir”.
Turizm eksperti Rəhman Quliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə ictimai asayişin yüksək səviyyədə qorunması, Azərbaycanın xarici ölkələrdə uğurla təmsil olunması və aviakompaniyaların fəaliyyəti bu sahəyə müsbət təsir göstərir. Ölkəmizə gələn hər bir turistə orta hesabla 33-37 nəfər xidmət göstərir. Buna görə də turistlərin razı qalması həm fərdi, həm də ümumi xidmət keyfiyyətindən asılıdır.
“Lakin qiymət məsələsi ciddi problem olaraq qalır. Xüsusilə də restoran və kafelərdə yeməklərin, o cümlədən kabab porsiyalarının qiyməti bəzi hallarda real bazar dəyərindən yüksək olur. Bu isə turistlərdə narazılıq yarada bilər. Qiymətlər standartlara uyğunlaşdırılmalı, keyfiyyət və dəyər arasında balans olmalıdır”.
Ekspert muzey və qoruqlara girişin ucuz olmasının vacibliyini də vurğulayıb:
“Muzeylər həm yerli, həm də xarici turistlər üçün ölkənin tarixi və mədəniyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Daxili xərclər yüksək olsa da, qiymətlər münasib saxlanmalıdır. Biz muzeyləri ayaqda saxlamağı başqa bir sahə ilə kompensasiya etməliyik. Çünki bu obyektlər gəlirdən çox, ölkənin tanıtımı funksiyasını yerinə yetirir”.
Rəhman Quliyevin fikrincə, muzeylərə marağı artırmaq üçün xüsusilə məktəblilər və tələbələrə xüsusi güzəştlər tətbiq olunmalıdır.
Qeyd edək ki, Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq.
Belə ki, sözügedən tarixdən etibarən qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, uşaqlar (15 yaşadək) 2 manat ödəməli olacaqlar. Hazırda isə giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilərə 10, tələbələrə 1, məktəblilərə isə 0.40 AZN təşkil edir.
Türkan İsgəndərli
tag: Rəhman Quliyev,Ekspert,Turizm,Qiymətlər,Todaypress.az,
