Turizmdə yeni mərhələ - Dəniz yolu ilə ÜZÜ XARİCƏ

Turizm

21.05.2025 18:06

6

"Yay fəslinin yaxınlaşması ilə dəniz turizminə maraq sürətlə artır. Xüsusilə, gəmi turları, sahil mərkəzləri insanların istirahət planlarında önə çıxır".

Turizm eksperti Əziz Şiriyev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Bakıda da bu istiqamətdə ciddi potensial mövcuddur:

"İstanbulda boğaz turları, Antalyada, Bodrumda, Marmarisdə dənizkənarı istirahət illərdir məşhurdur. Gürcüstanda Batumi, Misirdə Şarm əl-Şeyx, hətta digər ölkələrdə belə may ayından etibarən dənizə maraq pik həddə çatır. Hazırda Bakı Bulvarında bir gəmi fəaliyyət göstərir. Limandan çıxaraq 30-40 dəqiqəlik dəniz turu təklif edir. Qiymət cəmi 5 manatdır, VİP hissəsi isə 10 manat. Ancaq bundan digər ölkələrə səfər üçün də istifadə etmək olar".

Ekspert bildirib ki, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması da gündəmdədir:

"Qazaxıstanın Aktau şəhəri, Rusiyanın Həştərxan vilayəti, İranın Ənzəli limanı ilə əlaqə imkanları artıq masa üzərindədir. Hətta Həştərxanın Bakıda ofisi açılıb və texniki baxımdan artıq ciddi maneə yoxdur. Sadəcə siyasi və logistika razılaşmaları tələb olunur".

Ekspertin fikrincə, bu cür beynəlxalq turlar Bakını regionun dəniz turizmi mərkəzinə çevirə bilər. O əlavə edib ki, bu həm iqtisadi baxımdan faydalı olacaq, həm də ölkənin turizm brendinin güclənməsinə töhfə verəcək.   

Türkan İsgəndərli

tag: Əziz Şiriyev,Ekspert,Turizm,Dəniz yolu,Todaypress.tv,

photo