Sədr boykota çağırdı: SİYAHIDA BU ŞİRKƏTLƏR DƏ VAR
Cəmiyyət
06.10.2025 17:01
"Azərbaycanda istehlakçı hüquqları ilə bağlı vəziyyət acınacaqlıdır".
Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilsə də, sonrakı illərdə edilən yeddi dəyişiklik istehlakçıların deyil, daha çox biznes maraqlarına xidmət edib:
"Bazar inkişaf edib, onlayn ticarət meydana çıxıb, amma qanun müasir tələblərə cavab vermir. Mən dəfələrlə Milli Məclisdə, Ombudsman qarşısında çıxış etmişəm ki, qanun dəyişməli, müasirləşməlidir".
O, həmçinin illik hesabatda istehlakçı hüquqlarına yer ayrılmamasını da tənqid edib:
"102 səhifəlik hesabatda "istehlakçı" sözü yox idi. Halbuki o günlərdə 15 nəfər saxta araqdan zəhərlənərək ölmüşdü. Bu, çox ciddi məsələdir".
Eyyub Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə ən çox edilən müraciətlər malların dəyişdirilməsi və qaytarılması ilə bağlıdır:
"Bəzi biznes qurumları "pulunu ver, get" şüarı ilə işləyir. Məsələn, illərdir ki, "Kontakt Home" bu sahədə birincidir. Son aylarda isə "Baku Electronics" ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur. Bizim hüquqlarımız önə çəkilməlidir. Hansı ölkədə istehlakçı hüquqları öndədir, o ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş bir mərhələsindədir".
Mütəxəssis əlavə edib ki, "Music Gallery"dən şikayətlər yox dərəcəsində olsa da, "Kontakt Home" həmin şəbəkəni alandan sonra problemlər çoxalıb:
"İndi artıq “Music Gallery”dən də şikayətlər yağış kimi gəlir. "İrşad Telekom"dan demək olar ki, şikayət yoxdur. Amma "Kontakt Home" və "Baku Electronics" bizim qara siyahımızdadır.
Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb:
"İstehlakçı hüquqları pozulan zaman məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Əgər bu mümkün deyilsə, cəmiyyət belə şirkətlərdən alış-veriş etməməlidir. Hökumət üzünü istehlakçılara çevirməlidir, çünki bazarı saxlayan istehlakçılardır".
Qeyd edək ki, istehlakçı hüquqlarının pozulması halları bir sıra məsələlərdə özünü göstərir. Məsələn, hələ də satış obyektlərinin pəncərələrində “Alınan mallar geri qaytarılmır” kimi qanunsuz yazılara rast gəlmək mümkündür. Ekspertlər bu kimi digər hallarda dövlət qurumlarına müraciət etməyin vacibliyini vurğulayırlar.
Türkan İsgəndərli
tag: Eyyub Hüseynov,Ekspert,İstehlakçılar,Biznes,Todaypress.tv,
