Daxili turizmdə canlanma olacaq - Ekspert açıqladı
Turizm
31.05.2025 11:00
Yay fəslinin başlaması ilə Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə də Qarabağ regionuna olan maraq nəzərəçarpacaq dərəcədə artıb.
Turizm eksperti Əziz Şiriyev bu barədə TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, qarşıdan gələn Qurban bayramı və məktəblərin yay tətilinə çıxması daxili turizmə müsbət təsir göstərəcək.
"Ailələr bu dövrdə həm istirahət, həm də ziyarət məqsədilə bölgələrə üz tutur. İnsanlar artıq sadəcə dincəlmək deyil, eyni zamanda milli dəyərləri yaşamaq, təbiətlə iç-içə olmaq və yerli mədəniyyətlə yaxından tanış olmaq istəyirlər.
Xüsusilə Qarabağ bölgəsinə olan maraq günbəgün artır. Bu bölgə həm emosional, həm də strateji baxımdan xalq üçün xüsusi önəm daşıyır. Qarabağ yalnız tarixi bir bölgə deyil, həm də yeni turizm potensialı ilə diqqət çəkir. Yolların bərpası, yeni turizm marşrutları və təbiətin gözəlliyi regionu daha da cazibədar edir", - deyə ekspert vurğulayıb.
Əziz Şiriyev qeyd edib ki, yay ayları boyunca daxili turizmdə canlanma gözlənilir.
Türkan İsgəndərli
tag: Əziz Şiriyev,Ekspert,Turizm,Canlanma,Todaypress.tv,
