Zelenski ABŞ-yə hazırlaşır: Ukrayna bu dəfə fürsətdən necə istifadə edəcək?

Təhlil

18.09.2025 17:05

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə səfər edəcək. Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək. 

Bu il Ukrayna BMT Baş Assambleyasının yüksək səviyyəli seqmenti çərçivəsində Krım Platformasının beşinci beynəlxalq sammitinə ev sahibliyi etməyə hazırlaşır. Həmçinin BMT Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda yüksək səviyyəli iclasının keçirilməsi də nəzərdə tutulub.  

Ukrayna liderinin ABŞ-yə gözlənilən səfərini TodayPress TV-yə şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna hazırda əlində olan bütün mümkün vasitələrdən istifadə edərək Rusiyanın işğalını dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Ona görə də BMT tribunası mühüm əhəmiyyət kəsb edir və Volodimir Zelenski də həmin platformadan istifadə etmək niyyətindədir. 

“Ukrayna həm genişmiqyaslı işğal qarşısında müqaviməti davam etdirir, həm də diplomatik müstəvidə Rusiyanın işğalının beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylər göstərir. Bu, təkbaşına kifayət qədər effektiv variant hesab edilmir. Öz təcrübəmizdən misal gətirək: 30 ildən artıq müddətdə diplomatik kanallarla erməni işğalını dünya ictimaiyyətinə çatdırmağa çalışdıq, lakin sülh yolu ilə həll olunması yönündə ciddi irəliləyiş olmadı. Öz gücümüz hesabına torpaqlarımızı azad etdik və BMT-nin dörd qətnaməsini yerinə yetirdik. Bütün bunlar göstərir ki, Ukrayna modelində də yalnız beynəlxalq ictimaiyyətin diqqətini çəkmək müharibənin sülh yolu ilə həllinə zəmanət vermir”, - deyə o bildirib. 

Ekspert, həmçinin əlavə edib ki, beynəlxalq münasibətlər sistemində hazırda güc prinsipi daha çox işləkdir və beynəlxalq hüquq real təsir mexanizmi kimi zəif görünür. Ona görə də Ukraynanın əsas diqqəti hərbi üstünlüyün qorunmasına yönəlməlidir.

Z.Əmrəliyev işğal faktının beynəlxalq ictimaiyyətə çatdırılması və daha çox diplomatik dəstək qazanılmasının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O hesab edir ki, Ukraynanın həm hərbi resursları, həm də siyasi dayaqları məhz beynəlxalq təşkilatlarla əməkdaşlıq və qlobal güclərin dəstəyi sayəsində möhkəmlənə bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Ukrayna,ABŞ,Todaypress.tv,

photo