Şahbaz Şərifin dörd ölkəyə səfəri: Nələr müzakirə olunacaq?

Təhlil

26.05.2025 16:51

7

“Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyə, İran, Azərbaycan və Tacikistan səfəri zamanı müzakirə olunacaq əsas məsələ Pakistan-Hindistan arasında ən son baş tutan eskalasiyadır”.       

Politoloq Sultan Zahidov bunu TodayPress TV-yə danışarkən deyib.

O qeyd edib ki, mayın 10-da  Hindistan və Pakistan arasında atəşkəsin razılaşdırılmasına baxmayaraq, bölgədə vəziyyət gərgin olaraq qalır: 

“Şahbaz Şərif səfər edəcəyi bu dövlətlərə münaqişə zamanı ölkəsinə verdiyi dəstəyə görə təşəkkür etmək, həm də bölgədə hazırkı dinamikanı yaxın tərəfdaşları ilə müzakirə etmək fikrindədir. Bura təhlükəsizlik, müdafiə və s. istiqamətlər aiddir. Digər tərəfdən, ikitərəfli münasibətlərin də gündəlikdə olacağını düşünürəm. Pakistanın Baş nazirinin Azərbaycana ən son səfəri fevralda baş tutdu və vacib sənədlər imzalandı. Həmin sənədlər çərçivəsində atılan addımların müzakirəsi, yeni layihələr və yeni istiqamətlərdə əməkdaşlığın təmin olunması Azərbaycana səfəri zamanı müzakirə oluncaq məsələlərin sırasında yer alacaq. Buraya enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə olan əməkdaşlıq məsələləri daxildir”.

Ekspert həmçinin Pakistan və Azərbaycanın strateji tərəfdaş olaraq bir-biri ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib:

“1990-cı illərdən bu günə kimi Pakistanla Azərbaycan siyasi platformalarda daima bir-birinin ərazi bütövlüyünü, suverenliyini, maraqlarını müdafiə ediblər. Şahbaz Şərifin səfəri onu göstərir ki, bu ölkə hətta ən çətin vəziyyətində belə Azərbaycana tam bel bağlayır. Bu, iki ölkə arasındakı dostluq münasibətlərinin təcəssümüdür”.   

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərifin mayın 25-30-u Türkiyə, İran, Azərbaycan və Tacikistana səfəri baş tutacaq. 

Qiymət Mahir

tag: Sultan Zahidov,Politoloq,Şahbaz Şərif,Səfər,Todaypress.tv,

photo