Kiyev-Moskva danışıqları niyə dayandırılıb? - Politoloq AÇIQLADI
Təhlil
13.11.2025 11:25
“Belə bir vəziyyətdə Ukrayna və Rusiya liderləri Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi”.
Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.
.jpg)
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı Kiyev və Moskva dövlət başçılarının görüşməsi barədə razılığa gəlmişdilər. Hətta Alyaska görüşündən sonra Avropa liderləri ilə görüşən Tramp belə bir bəyanat vermişdi ki, artıq Putinlə razılıq əldə olunub. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutduqdan sonra Rubio Trampa məlumat verib ki, Rusiya hələlik danışıqlara hazır deyil.
“Razılaşmaya əsasən danışıqlar Budapeştdə keçirilməli idi. Bu, Macarıstan Prezidenti Viktor Orbanın hakimiyyətinə siyasi dəstək kimi qiymətləndirilir. 2026-cı ildə Macarıstanda keçiriləcək seçkiləri də nəzərə alsaq, görüşün Budapeştdə planlaşdırılması həm Rusiya, həm də ABŞ tərəfindən Orban hakimiyyətinə bir növ “hədiyyə” idi. Lakin Rusiya tərəfi bu danışıqlar prosesinin pozulduğu barədə bəyanatlar səsləndirib”, - deyə analitik vurğulayıb.
Ekspertin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski də bu görüşdə iştirak etmək istəmirdi, çünki o, Orbanın Ukraynaya qarşı mənfi münasibətinə hakim idi:
“Orban Avropa İttifaqının (Aİ) Ukraynaya etdiyi yardımlara dəfələrlə veto qoyub. Buna görə də Kiyev, Macarıstanın Aİ adından ev sahibliyi etməsini istəmirdi. Son iki-üç gün ərzində Rusiya və Macarıstan hakimiyyətləri bu görüşün yenidən bərpa ediləcəyi və yaxın vaxtlarda baş tutacağı barədə bəyanatlar versələr də, Zelenski Budapeştdə Rusiya prezidenti ilə görüşməyin məqsədəuyğun olmadığını hesab edərək bundan imtina edib”.
Siyasi şərhçinin sözlərinə görə, Aİ, xüsusilə də Almaniya Ukraynaya yeni yardım paketləri hazırlayır. ABŞ də Aİ ölkələri və NATO ilə razılaşdırılmış şəkildə yeni hərbi yardım paketi üzərində işləyir.
“Almaniya 3 milyard avro dəyərində yardım hazırlayıb, bundan öncə isə 8,5 milyard avro ödəmişdi. Bundan başqa, Almaniya artıq iki “Patriot” hava hücumundan müdafiə raketlərini Ukraynaya təqdim edib. Kiyevə isə hava məkanını tam qoruya bilməyi üçün ümumilikdə 20-yə yaxın “Patriot” sistemi lazımdır”, - deyə Y.Bağırzadə əlavə edib.
O sonda bildirib ki, belə bir vəziyyətdə Putin və Zelenski Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi.
Qeyd edək ki, Ukrayna XİN Kiyev və Moskva arasında hər hansı bir sülh danışıqlarına rəsmi olaraq son qoyulduğunu bəyan edib.
Aysel Mətləb
tag: Putin,Zelenski,Ukrayna ,Rusiya,Todaypress.tv,
