İslamabadda "abad" danışıqlar: II raunda kim hansı dosye ilə gəlir?
Təhlil
21.04.2026 13:20
ABŞ və İran arasında İslamabadda planlaşdırılan ikinci raund danışıqların taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Vaşinqton nümayəndə heyətini və təhlükəsizlik qruplarını dörd təyyarə ilə Ravalpindi hava limanına göndərib, Pakistan ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüb, Tehran isə rəsmi səviyyədə hələlik susur və danışıqlara nümayəndə göndərməyəcəyinə işarə edən açıqlamalar yayır. Bu, sadəcə taktiki manevr deyil – təxminən əlli ilə yaxın davam edən düşmənçiliyin yaratdığı dərin etimadsızlığın təzahürüdür.
Hər iki tərəf əsas məqsədlərini gizlətmək üçün eyni mövzuları ön plana çıxarır: nüvə proqramı, zənginləşdirilmiş uran və Hörmüz boğazı. Əslində, bu məsələlər üzrə texniki razılaşma əldə etmək o qədər də çətin deyil. Hər iki ölkə nüvə silahı əldə etməmək və mülki nüvə proqramını davam etdirmək barədə prinsipial mövqeyə yaxınlaşır. Zənginləşdirilmiş uranın taleyi isə daha çox daxili auditoriya qarşısında “qələbə” imici yaratmaq məqsədilə istifadə olunur. Hörmüz boğazı məsələsində isə tərəflər artıq müvəqqəti “anlaşma memorandumu” formatına yaxınlaşırlar – əsas razılaşmaya qədər vaxt qazanmaq üçün.
Birinci raundun nəticələri göstərir ki, hər iki tərəf “qazana bilməyəcəyi müharibə və itirməyə dözə bilməyəcəyi sülh” vəziyyətindədir. Bu, klassik realpolitik determinizmin nümunəsidir: maraqlar ideoloji mövqelərdən üstün tutulur. Analitiklərin fikrincə, əgər razılaşma əldə olunarsa, İran siyasi legitimlik, iqtisadi nəfəs və təhlükəsizlik təminatı qazana bilər. ABŞ isə Yaxın Şərq, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və Hind okeanında Rusiya və Çinə qarşı geosiyasi üstünlük əldə edə bilər. İranın coğrafi mövqeyi bu baxımdan strateji əhəmiyyət daşıyır və Vaşinqtonun Tehrana verəcəyi güzəştlər əldə olunacaq faydalarla müqayisədə nisbətən kiçik görünür.
Görünən odur ki, razılaşma baş tutmazsa, itkilər hər iki tərəf üçün ciddi olacaq, ən böyük qalib isə Çin və Rusiya ola bilər. Onlar artıq İranı “anti-Qərb” oxu daxilində möhkəmləndiriblər və gərginlik davam edərsə, bu ox daha da güclənəcək. ABŞ bu riski dərk edir və buna görə də yalnız hərbi təzyiqdən deyil, diplomatik və iqtisadi vasitələrdən də istifadə edir.
“Kök və çubuq” siyasəti əvəzinə, Pakistan kimi üçüncü tərəflər vasitəsilə “paylaşım” strategiyası seçilir. Bu hər kəsə müəyyən pay verərək tərəfləri masada saxlamaq məqsədi güdür. Pakistanın bu prosesdəki rolu da strateji baxımdan əhəmiyyətlidir. İslamabadda görülən fövqəladə təhlükəsizlik tədbirləri ölkəyə regionda vasitəçi imici qazandırır, lakin eyni zamanda ciddi risklər də yaradır.
Ekspertlərin qənaətincə, mövcud gedişat göstərir ki, danışıqlar davam edəcək – çünki real siyasətin məntiqi hər iki tərəfin ideoloji gözləntilərindən və sərt mövqelərindən daha güclüdür. Nəticə etibarilə, Hörmüz boğazının açıq qalması, nüvə proqramının mülki çərçivədə saxlanılması və praktik addımların atılması artıq mühüm irəliləyiş hesab olunacaq. Regionun gələcək güc balansı isə bu danışıqların nəticəsindən birbaşa asılı olacaq.
Jalə Rövşən
tag: ABŞ,İran,Pakistan,İslamabad,Todaypress.tv,
