"Anklav düyünü": Ermənistanın yeni variantı...

Təhlil

17.11.2025 17:58

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb. 

O bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq. 

Bundan əvvəl noyabrın 11-də Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışmışdı. O bildirmişdi ki, anklav məsələsi hazırda mövcuddur. Lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir. 

Görünən odur ki, Ermənistan tərəfi anklavların ərazi mübadiləsi yolu ilə həllində maraqlıdır. Bəs bu, delimitasiya prosesini sürətləndirəcək, yoxsa əksinə, yeni risklər yaradacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, ərazi mübadiləsi mövzusu Ermənistan hakimiyyətinin təkbaşına qərar verə biləcəyi məsələ deyil və bu, hüquqi baxımdan yalnız referendum yolu ilə həll oluna biləcək bir prosesdir.

Onun sözlərinə görə, Paşinyan və parlament üzvü Sarkis Xandanyanın Azərbaycanla mümkün ərazi mübadiləsi barədə danışması delimitasiya prosesində yeni və həssas müzakirələrin açılmasına səbəb olur:

“Delimitasiya sərhəd xəttinin dəqiq müəyyənləşdirilməsi deməkdir və həm Azərbaycan, həm də Ermənistan üçün kritik əhəmiyyət kəsb edir. Xüsusilə anklav kəndlərlə bağlı məsələ son dərəcə həssasdır. Çünki həm Qazaxın müvafiq kəndləri, həm də Naxçıvanın Kərki kəndi strateji mövqeyə malikdir. Kərki Ermənistanın Şimal–Cənub magistral yoluna, Qazax kəndləri isə Ermənistan–Gürcüstan yoluna nəzarət imkanı verir. Bu səbəbdən Ermənistan daxilində həmin kəndlərin qaytarılmasını "milli və strateji maraqların satılması" kimi təqdim edənlər ortaya çıxır”.

Ekspert qeyd edib ki, Paşinyanın müxalifəti bu mövzunu hökumətin mövqelərini zəiflətmək üçün siyasi alətə çevirir:

“Paşinyan çıxışlarında məsələnin yalnız Ermənistan xalqının iradəsi ilə həll ediləcəyini vurğulamaqla müxalifətin manipulyasiya cəhdlərinin qarşısını almağa çalışır. Çünki bu mövzu Ermənistanda çox asanlıqla siyasi təzyiq alətinə çevrilir”.

Rəşad Bayramov bildirib ki, Ermənistanın Başkəndi “öz anklavı” kimi təqdim etməsi və buna uyğun ərazi mübadiləsindən danışması Azərbaycan üçün qəbulolunan deyil:

“Başkənd Azərbaycan torpağıdır və sovet dövründə ‘otlaq və əkin sahəsi’ adı altında ermənilərə verilmişdi. Bu səbəbdən həmin ərazini Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Kərki kimi kəndlərlə eyniləşdirmək mümkün deyil”.

Analitikə görə, anklav kəndlərin qaytarılması iki ölkə arasında etimadın artmasına və sərhədlərin daha dəqiq müəyyənləşdirilməsinə töhfə verə bilər. Lakin o, prosesin çətin keçəcəyini istisna etmir:

“Ermənistanda daxili müxalifət qüvvələri bu kəndlərin Azərbaycana qaytarılmasını ölkənin suverenliyinə təhdid kimi qələmə verir. Bu isə delimitasiya prosesinin daha mürəkkəb və uzunmüddətli olacağını göstərir”.

Ekspert əlavə edib ki, prosesin sürəti Ermənistanın daxili siyasi vəziyyətindən, Paşinyan hökumətinin siyasi iradəsindən və Azərbaycanın təzyiq gücündən asılı olacaq:

“Geridə qalan dövrün təcrübəsi göstərir ki, erməni tərəfi yalnız təzyiq gördüyü halda irəliləməyə meylli olur. Təzyiq olmadıqda isə proseslərdə dinamizmin qorunması çətinləşir”.

Qiymət Mahir

tag: Ermənistan ,Nikol Paşinyan ,Azərbaycan,Anklav,Todaypress.tv,