Tramp qərarını verdi, Kreml TƏŞVİŞDƏDİR: Oyun dəyişir?

Təhlil

08.10.2025 13:30

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyini bildirib.


Amerika lideri əlavə edib ki, Kiyevin bu qanadlı raketlərdən necə istifadə etməyi planlaşdırdığını bilmək istəyir. Tramp qərarının konkret olaraq nədən ibarət olduğunu açıqlamasa da, eskalasiyanın qarşısını almaq və müharibənin bitməsini istədiyini vurğulayıb.

Bundan əvvəl ABŞ mediası administrasiyadakı mənbələrə istinadən xəbər vermişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski Trampla Nyu-Yorkdakı son görüşündə ondan 2 min 500 kilometrədək uçuş məsafəsinə malik “Tomahawk” raketlərinin mümkün tədarükünü istəyib. Zelenski bunu dolayı şəkildə təsdiqləyərək deyib ki, Ukraynanın ehtiyacları barədə Trampa siyahı təqdim edib.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, Trampın son bəyanatı Vaşinqtonun artıq qərarını verdiyini göstərir:


“Bu qərarın hələlik rəsmi şəkildə elan edilməməsinin səbəbi Rusiyanı qıcıqlandırmamaqdır. Rusiya ABŞ Prezidentinin bütün gözləntilərinə baxmayaraq, müharibənin dayandırılması istiqamətində heç bir real addım atmayıb. “Tomahawk” raketlərinin tədarükü Moskvanı danışıqlar masasına oturmağa məcbur etmək üçün atılmış strateji addımdır. Trampın əvvəlcə bu raketlərin Ukrayna tərəfindən necə istifadə olunacağını öyrənmək istəyi isə tam məntiqlidir. Çünki Ukraynanın siyasi-hərbi rəhbərliyi həmin raketləri Rusiyanın strateji obyektlərini sıradan çıxarmaq üçün istifadə edə bilər.”


Polkovnikin sözlərinə görə, Trampın əsas narahatlığı ondan ibarətdir ki, “Tomahawk” raketləri ilə Kremlə zərbə endirilməsi halında vəziyyət tamamilə nəzarətdən çıxa bilər. Rusiya Prezidenti Vladimir Putinin “Valday” Diskussiya Klubundakı hədələyici çıxışları da Trampın ehtiyatlı davranmasına səbəb olur.

“Tramp açıq şəkildə eskalasiya istəmədiyini bildirir, lakin müharibə artıq ən yüksək gərginlik mərhələsindədir. Müstəqil Ukraynanın paytaxtı bombalanır, iri şəhərləri raket zərbələri altındadır, enerji infrastrukturu dron hücumları nəticəsində sıradan çıxarılıb. Bundan sonra eskalasiya yalnız nüvə silahından istifadə mərhələsinə keçə bilər", –  deyə o bildirib.

Ekspert xatırladıb ki, vaxtilə “F-16” təyyarələri və “HIMARS” sistemləri üçün də “verilə bilməz” ifadəsi səsləndirilirdi. Lakin sonradan bu silahlar Ukraynaya təhvil verildi. Onun fikrincə, “Tomahawk” raketlərinin də göndərilməsi artıq qərara alınıb və bu, müharibənin gedişinə ciddi təsir göstərəcək.


Üzeyir Cəfərov əlavə edib ki, Rusiya artıq açıq şəkildə narahatdır, çünki Ukrayna onun neft emalı zavodlarının təxminən yarısını sıradan çıxarıb:

“Ölkə iqtisadiyyatı dərin böhran içindədir. Bir vaxtlar neft ixrac etdiyi Çindən indi benzin alır. Hindistana və Şimali Koreyaya yardım edən Moskva bu gün həmin ölkələrdən kömək gözləyir.


ABŞ-Rusiya münasibətlərinə gəlincə, “Tomahawk” tədarükü bu münasibətləri köklü şəkildə dəyişməsə də, gərginliyi artıracaq. Putin, hətta “Valday” Diskussiya Klubunda Trampı dolayısı ilə hədələdi. Bu da iki ölkə arasında münasibətlərin nə qədər gərgin olduğunu göstərir".

Ekspertlərin fikrincə, bu tədarük müharibənin dinamikasına təsir edəcək, lakin qarşıdakı ilin ilk yarısına qədər döyüşlərin davam edəcəyi gözlənilir.

“Mən də belə düşünürəm. “Tomahawk” raketləri Rusiyanın döyüş və müdafiə qabiliyyətinə ciddi zərbə vuracaq”, – deyə Ü.Cəfərov əlavə edib.

Polkovnik sonda bildirib:

“Putin son çıxışında Ukraynaya hücumu “zamanında və doğru qərar” adlandırsa da, əslində dərin peşmanlıq içindədir. Rusiya iqtisadiyyatı tənəzzülə sürüklənir. Tramp isə “Tomahawk” raketlərinin göndərilməsi ilə Moskvaya növbəti dəfə ciddi təzyiq göstərmək niyyətindədir”.


Qeyd edək ki, son vaxtlar ABŞ silahları birbaşa Ukraynaya deyil, NATO ölkələrinə satılır və həmin ölkələr vasitəsilə Kiyevə göndərilir. “Tomahawk” raketlərinin tədarükü və texniki detalları barədə hələlik məlumat yoxdur.

Qiymət Mahir

TodayPress TV

tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,ABŞ,Rusiya,Todaypress.tv,