Yeni diplomatik həmlə: Trampın Qrenlandiya planı

Təhlil

22.12.2025 15:05

ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Tramp bildirib ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və yeni elçi bu istiqamətdə ölkənin maraqlarını müdafiə edəcək. Qeyd olunur ki, Tramp Qrenlandiyanın ABŞ-yə tabe olmalı olduğunu düşünür.


Bəs  bu təyinat ABŞ-nin Qrenlandiyaya yanaşmasında hansı siyasi və strateji dəyişikliklərin xəbərçisi ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Tramp Qrenlandiyanı ABŞ üçün strateji prioritet kimi yenidən önə çıxarır: 


"Donald Tramp artıq ikinci dəfə hakimiyyətə gəldikdən sonra bir çox prosesləri birbaşa özünün xüsusi nəzarəti altında həyata keçirir. Biz bunu Avropa İttifaqı ilə bağlı siyasətdə də, Ukrayna məsələsində də açıq şəkildə gördük. İndi isə Qrenlandiya mövzusunu yenidən gündəmə gətirməklə Tramp faktiki olaraq bütün tərəflərə, o cümlədən rəsmi Kopenhagenə mesaj verir ki, bu ərazinin idarə olunması ABŞ üçün ciddi strateji əhəmiyyət daşıyır".

Analitik qeyd edib ki, Qrenlandiya ilə bağlı bu xəttin beynəlxalq hüquqa nə qədər uyğun olması sual doğurur:


"Burada əsas sual ondan ibarətdir ki, bu yanaşma beynəlxalq hüquq və mövcud dünya nizamı ilə nə dərəcədə uzlaşır. Müxtəlif nümunələr göstərir ki, böyük dövlətlər artıq əvvəlki kimi “standart” qaydalarla hərəkət etmirlər və fövqəladə geosiyasi maraqlar ön plana çıxır. Qrenlandiyanın tarixi olaraq Danimarkanın yurisdiksiyasında olması, adanın kimə məxsusluğu və necə idarə olunması ayrıca müzakirə mövzusudur".

Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, Tramp bu məsələyə təsadüfi yanaşmır. O, Qrenlandiya mövzusuna yenidən qayıtmaqla göstərir ki, ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı hesablamalar son dərəcə ciddidir və Vaşinqton bu istiqamətdə maksimum nəticə əldə etməyə çalışacaq.

Ekspert bildirib ki, Trampın sərt xətti isə prosesi çətinləşdirir:

"Hazırda Danimarka hökumətinin bu çağırışlara necə reaksiya verəcəyi aydın deyil. Digər tərəfdən, Danimarka Avropa İttifaqının üzvüdür və rəsmi Brüsselin mövqeyi də mühüm əhəmiyyət kəsb edir. Trampın Avropa İttifaqına münasibətdə sərt və barışmaz xətt tutması bu məsələnin asanlıqla həll olunmayacağını göstərir".

T.Abbasov qeyd edib ki, Qrenlandiya resursları ABŞ-nin enerji və süni intellekt strategiyası üçün vacibdir:


"ABŞ Prezidenti açıq şəkildə Amerikanın qlobal mövqelərini gücləndirməyə çalışır. Qrenlandiyanın zəngin təbii ehtiyatlara — içməli su, mineral resurslar, neft və qaz yataqlarına malik olması bu maraqları daha da artırır. Bu ehtiyatlar gələcək çağırışlar baxımından ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Xüsusilə iki əsas faktor ön plana çıxır: enerji təminatı və süni intellektin inkişafı. Süni intellekt texnoloji baxımdan nə qədər güclü olsa da, onu dəstəkləyəcək enerji potensialı olmadan davamlı üstünlük əldə etmək mümkün deyil. Enerji resursları zəif olan ölkə texnoloji yarışda da geridə qala bilər".

Politoloq sonda əlavə edib ki, bu baxımdan Qrenlandiya məsələsi ABŞ-nin uzunmüddətli strateji baxışından irəli gəlir. Trampın bu mövzuda geri çəkilmək niyyətində olmadığı açıq görünür. Məhz buna görə də həm Brüssel, həm də Kopenhagen bu çağırışlara ciddi və ölçülüb-biçilmiş münasibət bildirməyə məcburdur. 

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,ABŞ,Qrenlandiya,Todaypress.tv,