Son bir ildə üçüncü oxşar hadisə: Fransada nə baş verir? – ŞƏRH
Təhlil
09.09.2025 10:58
“Çoxpartiyalı sistemdə parçalanma artdıqca, hökumətlərin ömrü qısalır”.
Bu sözləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
O, həmçinin bildirib:
“Fransa siyasi sistemində baş nazirin etimadsızlıq sanksiyası ilə uzaqlaşdırılması nadir hadisə deyil. Amma son bir ildə üçüncü dəfə baş verməsi isə siyasi sabitlik baxımından ciddi siqnal sayılır. Bu proses Fransada klassik parlament böhranına bənzəyir: çoxpartiyalı sistemdə parçalanma artdıqca, hökumətlərin ömrü qısalır. Əgər siyasi qüvvələr arasında koalisiya mədəniyyəti güclənməsə, sonrakı illərdə də hökumətlərin tez-tez dəyişməsi mümkündür”.
Parlamentari bu cür halların hökumət sabitliyinə qarşı hansı təhdidləri yarada biləcəyini də vurğulayıb:
“İlk növbədə, parlamentin parçalanması - Fransa Milli Assambleyasında heç bir siyasi qüvvənin aydın çoxluğa sahib olmaması, hökumətlərin dayanıqsız qalmasına səbəb olur. Müxtəlif partiyalar arasında kompromis əldə etmək çətinləşir. Baş nazir tez-tez dəyişəndə hökumət uzunmüddətli proqram həyata keçirə bilmir. Bu isə həm iqtisadi islahatların, həm də sosial siyasətin davamlılığını pozur. Digər tərəfdən, etimadsızlıq mexanizmi fəallaşır. Siyasi mədəniyyətdə “blokaj” effekti yaranır. Yəni parlamentlə hökumət arasında əməkdaşlıq yerinə qarşıdurma üstün gəlir. Belə bir nəticə sabitliyin itməsinə gətirib çıxarır. Baş nazirin tez-tez dəyişməsi investisiya mühitinə, beynəlxalq tərəfdaşların inamına və daxili idarəetməyə də mənfi təsir göstərir”.
Deputat son olaraq deyib:
“Belə olan halda, həmçinin populist qüvvələrin güclənməsi də başlayır. Üstəlik, parçalanma şəraitində radikal sağ və sol partiyalar “hakimiyyətin qeyri-sabitliyi” mövzusunu siyasi kapitala çevirə bilərlər”.
Qeyd edək ki, Fransa Milli Assambleyasında etimadsızlıq sanksiyası ilə Baş nazir François Bayrou hökumətdən uzaqlaşdırılıb. Bu, son bir ildə üçüncü belə hadisədir. Milli Assambleyadakı etimadsızlıq səsverməsində 364 deputat onun hökumətinə səs verilmədiyini bildirib.
Orxan Saffari
tag: Fransa,Etimadsızlıq,Bayrou,Baş nazir,Todaypress.tv,