Tramp administrasiyasından YAŞIL İŞIQ: “Bu raketlərin Ukraynaya təhvil verilməsi inandırıcı görünmür”

Təhlil

25.08.2025 18:04

“ABŞ-nin Ukraynaya “ERAM” tipli uzaqmənzilli raketlərin tədarükünə razılıq verməsi hələ Cozef Baydenin prezidentliyi dövründə qəbul edilmiş qərara əsaslanır. Hazırkı Donald Tramp administrasiyası da medianın iddiasına əsasən raketlərin tədarükünə razılıq verib”.

Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin raketlərin 6 həftə ərzində Ukraynaya çatdırılması ehtimalı real suallar doğurur:

“Bu sayda raketin müəyyən edilmiş müddət ərzində Ukraynaya çatdırılıb-çatdırılmayacağı ilə bağlı suallar açıq qalır. Əgər bu baş verərsə, Ukrayna üçün raket ehtiyatlarının artırılması baxımından mühüm mərhələ sayıla bilər. Ancaq bəzi analitiklər iddia edir ki, bu model raketlər hələ ABŞ-nin öz döyüş növbəsində də yer almır. “Associated Press”in məlumatına görə, ABŞ bəzi raket növlərinin ehtiyatlarının tükənməsi səbəbindən tədarükü dayandırıb. Belə bir şəraitdə raketlərin istehsal edildikdən dərhal sonra Ukraynaya göndərilməsi inandırıcı görünmür. Bu səbəbdən vəziyyətin inkişafını gözləmək lazımdır”.

Analitik əlavə edib ki, bu məsələ ilə bağlı real mənzərə yalnız bir neçə həftə sonra dəqiqləşəcək:

“Ukraynanın pilotsuz uçuş aparatları (PUA) istehsalı və döyüş başlıqlarının 120 kiloqram TNT ekvivalentinə qədər gücləndirilməsi istiqamətində əldə etdiyi irəliləyişlər daha çox “oyun dəyişdirici” faktor ola bilər. Həmçinin raket istehsalındakı daxili uğurlar da Ukraynanın mövqelərini gücləndirir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli “ERAM” raketlərinin satışını təsdiqləyib.

Qiymət Mahir

tag: Kamran Sultanlı,Politoloq,Tramp,Raket,Todaypress.tv,

photo