Makron planı AÇIQLADI: Hansı ölkələr Ukraynaya qoşun göndərəcək?

Təhlil

26.11.2025 10:52

Fransa Prezidenti Emmanuel Makron "RTL" radiostansiyasına müsahibəsində bildirib ki, bir çox insan Fransanın Ukraynaya qoşun göndərəcəyindən qorxur.


"Düşünürəm ki, fransızlar vahiməyə düşməməlidir. Görürəm ki, bir çox insanlar qorxur ki, biz Ukraynaya qoşun göndərəcəyik. Bu belə deyil", - o deyib.

Bununla belə, o, döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək və ordu üçün təlim keçmək üçün planlaşdırılan "çəkindirmə qüvvələri"ndə Fransa qoşunlarının iştirakını istisna etməyib.


Maraqlıdır, döyüş əməliyyatlarından sonra Fransa ilə yanaşı, başqa hansı ölkələr Ukraynaya qoşun göndərə bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Anar İsayevin fikrincə, hazırkı mərhələdə Qərb qoşunlarının döyüş əməliyyatlarında iştirakı gündəm mövzusu deyil, ancaq müharibədən sonra təhlükəsizlik zəmanəti çərçivəsində yerləşdirilməsi müzakirə olunur ki, bu da özündə münaqişədən sonra sabitliyi qoruma missiyasını ehtiva edir:


"Əgər Ukrayna ilə Rusiya arasında atəşkəs və ya sülh sazişi imzalanarsa, Avropa Birliyi, NATO və koalisiya formatında təhlükəsizlik missiyası yaradıla bilər. Bu missiyaya ən real qoşulacaq ölkələr Fransa, Polşa, Litva, Latviya, Estoniya, Böyük Britaniya və Kanada ola bilər və onlar bunu istisna etmirlər, müxtəlif səviyyələrdə dəfələrlə bəyan ediblər".

Ekspert Makronun açıqlamasının Parisin post-müharibə missiyasına qoşulmağa açıq olduğunu göstərdiyini ifadə edib:


"Fransa Avropada ən aktiv təhlükəsizlik təşəbbüskarlarından biridir. Polşa Prezidenti Karol Navroski və Baş naziri Donald Tusk da dəfələrlə bildiriblər ki, Ukraynanın təhlükəsizliyinə təminat üçün bütün variantlar masadadır. Polşa NATO-nun şərq cinahının ən güclü tərəflərindən hesab olunur və müharibədən sonra Ukraynada təhlükəsizlik qüvvələrində iştirakı mümkündür.

Baltik ölkələri (Litva, Latviya, Estoniya) üçün isə Rusiya təhlükəsi birbaşa realdır. Baltik liderləri də Makronun təşəbbüslərinə dəstək veriblər. Sülh dövründə onların təlim, monitorinq və təhlükəsizlik zonalarının qorunması kimi tapşırıqlarda iştirak etməsi yüksək ehtimal olunur".

Anar İsayev Britaniya və Kanadanın da bu prosesdə iştirakından bəhs edib:


"Böyük Britaniya rəsmi olaraq “yerüstü qoşun” göndərilməsini indi istisna etsə də, müharibədən sonra sülh təminatı missiyasında iştirak edə bilər. Britaniya Ukrayna ordusunun təliminə böyük miqyasda rəhbərlik edir. Kanadaya gəldikdə isə, bu dövlətin NATO missiyalarında aktiv iştirak tarixi var (Kosovo, Baltik hava polisi və s.). Kanadanın da post-konflikt təhlükəsizlik əməliyyatlarına qoşulması mümkündür".

Qiymət Mahir

TodayPress TV 

tag: Britaniya,Kanada,NATO,Qoşun,Todaypress.tv,