“Araz-2025” təlimləri: Gərginlikdən davamlı əməkdaşlığa!

Təhlil

23.05.2025 15:20

81

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə İran İslam Respublikasının hərbi qulluqçuları “Araz-2025” birgə təlimləri keçirdilər. Təlimlər başa çatdı və qarşıya qoyulan məqsədlər uğurla icra olundu”. 

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress TV-yə danışarkən deyib.

O qeyd edib ki, təlimlərin əsas məqsədi hər iki ölkənin hərbi qulluqçularının müəyyən ərazidə birgə fəaliyyətində yüksək peşəkarlıq elementlərinin təlim zamanı yerinə yetirilməsi olub:

“Bu da iki ölkənin hərbi qulluqçuları arasında hərbi əməkdaşlığın həm yaxınlaşdırılması, həm də dərinləşdirilməsini nəzərdə tuturdu. İl ərzində yenə də təlimlərin bir başqa forması davam etdiriləcək. Azərbaycan hərbi qulluqçuları İran hərbi qulluqçularının peşəkarlığına, o cümlədən də qarşı tərəf Azərbaycan hərbi qulluqçularının, komando hərbi hissələrinin yerinə yetirdikləri tapşırıqlara diqqət yetiriblər. Həmin elementlər birlikdə icra olunub”.

Polkovnikin sözlərinə görə, ssenariyə uyğun olaraq, hər iştirakçının öz tapşırığı olub və təlimin müəyyən mərhələlərində qruplar qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər:

“Bildiyim qədəri ilə, tapşırıqların yerinə yetirilməsi hər iki tərəfdən yüksək qiymətləndirilib. Qərara alınıb ki, 2025-ci ildə bir təlim daha keçirilsin. Böyük ehtimalla, təlimlərin biri də İran İslam Respublikasının ərazisində olacaq”. 

Ü.Cəfərov sonda əlavə edib ki, Azərbaycan və İran hərbiçilərinin bir araya gəlməsi yaxşı haldır və zaman-zaman olan gərginliklərin aradan qaldırılmasında bu cür təlimlərin də əhəmiyyəti olur.

Qeyd edək ki, 18-21 may tarixlərində Azərbaycan Ordusunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə Qarabağ bölgəsində "Araz 2025" təlimi keçirilib.

Qiymət Mahir

tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,Azərbaycan,İran,Təlim,Todaypress.tv,

photo