Avropada TƏHLÜKƏSİZLİK ŞOKU: ABŞ qoşunları geri çəkir?
Təhlil
01.12.2025 16:29
ABŞ-nin Avropadakı hərbi kontingentini azalda biləcəyi bildirilir.

Bəs ABŞ qoşunları Avropadan tam çıxara bilərmi? Bu baş versə, Aİ-nin müdafiə strategiyası hansı istiqamətdə dəyişəcək?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik məsələsində ABŞ-yə nə qədər möhtac olduğunu bir daha üzə çıxardı:

"Rusiya-Ukrayna müharibəsi bütövlükdə Avropa İttifaqını dərin bir böhran qarşısında qoydu və Avropanın təhlükəsizliyi ilə bağlı əlavə suallar doğurdu. Hadisələr bir daha göstərdi ki, Avropa Birliyi təhlükəsizlik baxımından hələ də Amerika Birləşmiş Ştatlarından ciddi şəkildə asılı vəziyyətdədir. Donald Trampın müxtəlif məsələləri gündəmə gətirməsi və Avropanın təhlükəsizliyi ilə bağlı təhdidedici ritorika nümayiş etdirməsi, eyni zamanda Rusiyanın Şərqi Avropa istiqamətində həyata keçirdiyi hərbi addımlar İttifaq daxilində müəyyən çaxnaşmalar yaratdı".
Ekspert qeyd edib ki, silahlanmanın artırılması Avropanın real təhlükəsizlik narahatlığını əks etdirir:

"Bu səbəbdən Fransa və Almaniya kimi aparıcı Aİ ölkələri artıq öz təhlükəsizliklərini yenidən dəyərləndirməyə başlayıblar və hərbi potensiallarını gücləndirməyi prioritetə çeviriblər. Məsələn, Fransa ordusunu modernləşdirməyə, həmçinin müxtəlif ölkələrlə, o cümlədən Böyük Britaniya ilə hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışır. Almaniya isə İkinci Dünya müharibəsindən sonra ilk dəfə bu qədər intensiv şəkildə silahlanmaya yönəlib. Bütün bunlar göstərir ki, Avropada təhlükəsizliklə bağlı real narahatlıqlar mövcuddur".
Onun sözlərinə görə, ABŞ-nin sərt ritorikası və Avropa ilə münasibətlərində sərgilədiyi soyuqluq Vaşinqtonun artıq Aİ-yə əvvəlki qədər ehtiyac duymadığını göstərir. ABŞ-nin əsas strateji hədəfi isə Çinlə qlobal rəqabətdə üstünlük qazanmaq və Pekini iqtisadi baxımdan zəiflətməkdir. Bu məqsəd naminə Vaşinqtonun Rusiyayla münasibətləri müəyyən dərəcədə tənzimləməyə çalışması da qənaət doğurur.
Analitik, həmçinin vurğulayıb ki, ABŞ-Avropa xəttində balansın dəyişməsi Qərb birliyini zəiflədə bilər:
"Belə olan halda, böyük ehtimalla ABŞ Rusiya ilə gərginliyi azaltmağa nail olduqdan sonra Avropa İttifaqına əvvəlki səviyyədə önəm verməyəcək. Bununla da uzun illər Qərbin dayağı sayılan ABŞ-Aİ birliyi tədricən zəifləyə, “vahid Qərb” konsepsiyası əvvəlki gücünü itirə bilər".
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Avropa,ABŞ,Ordu,Todaypress.tv,
