“C130”un son uçuşu: Səmada nə baş verdi? — Texniki səbəb, yoxsa…

Təhlil

12.11.2025 15:35

“Türkiyə Hərbi Hava Qüvvələrinə aid "Lockheed C-130" tipli hərbi yük nəqliyyat təyyarəsinin Gürcüstanın hava məkanında qəzaya uğraması ilkin ehtimallara görə, texniki nasazlıq və aerodinamik böhranla əlaqədardır".

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.


O xatırladıb ki, təyyarə 11 noyabr 2025-ci il tarixində Gəncə beynəlxalq hava limanından qalxaraq Türkiyəyə qayıdarkən, Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya düşüb:

“Türkiyə Müdafiə Nazirliyinin ilkin məlumatına əsasən, təyyarənin göyərtəsində 20 nəfər hərbçi olub və onların hamısının şəhid olduğu ehtimal edilir. Hazırda Türkiyə və Gürcüstan müvafiq qurumları hadisənin səbəblərini araşdırır. İlkin ehtimallar daxili texniki problem və mühərrikdə yaranan qəfil nasazlığı göstərir".


Ekspert qeyd edib ki, ictimaiyyətə yayımlanan görüntülər də qəzanın təbii proses nəticəsində baş verdiyini göstərir:

“Videolarda təyyarənin göydə tüstülənərək ani şəkildə enməyə başladığı aydın görünür. Bu, texniki nasazlıq və ya mühərrikdə baş verən struktur problemi ehtimalını gücləndirir. Təyyarənin radardan qəfil yoxa çıxması da məhz bu versiyanı təsdiqləyir".


Çingiz Şahbazinin sözlərinə görə, hazırda təxribat versiyası rəsmi olaraq təsdiqlənməsə də, hadisənin coğrafi mövqeyi və təyyarənin hərbi statusu bu ehtimalı tam istisna etmir:

“Təyyarənin kənardan vurulması və ya göyərtədə partlayıcı maddənin işə düşməsi ilə bağlı hələlik etibarlı sübut yoxdur. Lakin regionun strateji vəziyyəti və təyyarənin hərbi daşıyıcı olması səbəbindən bu ssenari araşdırılan istiqamətlərdən biridir. Qəzanın səbəblərinə dair yekun nəticə yalnız araşdırma başa çatdıqdan sonra açıqlanacaq. Hazırkı mərhələdə hadisə rəsmi şəkildə qəza kimi qiymətləndirilir. Türkiyə və Gürcüstan mütəxəssislərinin ortaq araşdırması nəticəsində qəzaya səbəb olan real faktorların yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir".

Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyənin "C-130" hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Faktla bağlı Gürcüstanda Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlayıb. Sözügedən maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.


Son məlumatlara görə, həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb. Digər 2 hərbçinin nəşinin axtarılması istiqamətində işlər davam etdirilir.

Qiymət Mahir

tag: Türkiyə,Qəza,Təyyarə,Gürcüstan,Təxribat,Todaypress.tv,