Rusiyanın təxribat siyasəti: “Bunlar bağışlanmaz addımlardır!”
Təhlil
27.08.2025 17:29
“Günahkarlar cəzalandırılmalıdır. Əks təqdirdə itirən rəsmi Moskva olacaq”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyadakı bəzi dairələr hələ də imperialist siyasətdən əl çəkmir və digər ölkələrə qarşı diskriminasiya siyasəti aparırlar. Bu, xüsusilə postsovet ölkələrinə qarşı sərgilənən hörmətsizlikdə özünü göstərir. Buna baxmayaraq Azərbaycan həmişə prinsipial mövqedə olub. Rəsmi Bakı öz vətəndaşlarının hüquqlarını qoruyur və hansısa ölkənin əks davranışları ilə razılaşmır.
Analitik, 2024-cü ilin dekabr ayında baş verən Azərbaycan təyyarəsinin Rusiyanın Qroznı şəhərində vurulmasına diqqət çəkib. Belə ki, beynəlxalq aviasiya qaydalarına görə, fövqəladə vəziyyət zamanı ölkənin administrativ qurumları dərhal təyyarə barədə xəbərdar olmalı və onun təhlükəsizliyini təmin etməlidirlər. Lakin belə xəbərdarlıq edilmədiyinə görə, mülki təyyarə bədbəxt hadisə ilə üzləşib.
“Rusiyanın bu hərəkətləri Azərbaycanla dostluq və qonşuluq münasibətlərinə ciddi xələl gətirir. Eyni zamanda, Azərbaycan diasporunun nümayəndələrinin Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs olunması, döyülməsi və hətta öldürülməsi bağışlanmaz addımlardır. Əgər Rusiya bizimlə münasibətləri normallaşdırmaq istəyirsə, bu kimi məsələləri həll etməlidir”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Prezidentin sözlərinə görə, Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır:
“Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi”.
Aysel Mətləb
tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,
