Paşinyandan növbəti PARADOKS: Saxlanılan 23 ermənini… -VİDEO
Təhlil
26.11.2025 12:08
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hakerlə görüşündə Bakıda məhkəməsi keçirilən hərbi cinayətkarların azadlığa buraxılması məsələsini qaldırıb. Azərbaycanda 23 Ermənistan vətəndaşının saxlanıldığını iddia edən Paşinyan onları “hərbi əsir” adlandırıb.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bildirib ki, Paşinyanın bu ritorikası sülhə xidmət etmir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri həmişəki kimi əməldə başqa, sözdə başqa olma siyasətinin bir parçası kimi bu ifadələrə yer verib:

“Hamımız bilirik ki, bu gün Bakıda mühakimə olunan şəxslər Azərbaycan ərazisində həbs olunublar. Əvvəla, Nikol Paşinyan özünə bu sualı verməlidir: həmin şəxslərin Azərbaycan ərazisində nə işi var idi? “Onlar Azərbaycan ərazisində niyə həbs olunublar?” sualına gəldikdə isə, separatçılıqda ittiham olunurlar. Çünki Arayik Harutyunyan və digərləri özlərindən qondarma rejim yaratmışdılar və biri bu rejimin “baş naziri”, biri “prezidenti”, digərləri isə başqa vəzifə sahibləri kimi çıxış edirdilər. Onlar həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı hərbi cinayətlər törətməkdə də təqsirləndirilirlər”.
Ekspert xatırladıb ki, Azərbaycan Respublikasının məhkəmə sistemi hələ bu şəxslərlə bağlı yekun qərarını verməyib:

“Düzdür, dövlət ittihamçısı onların bir çoxu üçün cəza tələb edib, lakin son qərarı məhkəmə verir. Yəni təqsirsizlik prezumpsiyası mövcuddur və buna riayət olunur. Paşinyan hüquqdan danışmağı sevən siyasətçi kimi yaxşı olardı ki, məhkəmənin qərarını gözləsin və ümumiyyətlə, bu şəxslərə qarşı irəli sürülən ittihamların nədən ibarət olduğunu nəzərdən keçirsin. Əslində, Nikol Paşinyan bunları çox yaxşı bilir. Lakin təəssüf ki, o, əməldə başqa, dildə başqa davranmaqdan əl çəkmir”.
Qiymət Mahir
tag: Paşinyan,Erməni əsir,Azərbaycan,Həbs,Todaypress.tv,
