Azərbaycan–Türkmənistan münasibətləri: YENİ DÖVRÜN BAŞLANĞICI

Təhlil

17.07.2025 17:19

“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini Azərbaycan–Türkmənistan münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar”.

Politoloq Azər Qasımov bunu Türkmənistan Xalq Məsləhətinin sədrinin ölkəmizə səfərini TodayPress TV-yə şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu səfər Türkmənistan üçün yeni yanaşmanın göstəricisidir:

“Türkmənistanın dövlət olaraq xarakterinə baxsaq, Q.Berdiməhəmmədovun işğaldan azad edilmiş ərazilərə səfəri ölkə rəhbərliyi üçün ciddi bir yenilikdir. Neytrallığı və qapalı siyasi xətti ilə tanınan Türkmənistan uzun müddət bölgə problemlərinə qarışmamağı üstün tutur. Hətta Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv yox, yalnız müşahidəçi statusunda qatılırdı”.  

Azər Qasımov qeyd edib ki, artıq o dövr arxada qalıb və bu gün Azərbaycanla Türkmənistan arasında türk dünyasının birliyi və həmrəyliyi mesajları ön plandadır. Ekspertin fikrincə, işğaldan azad edilmiş ərazilərə səfərin ayrıca simvolik və strateji əhəmiyyəti var. 

“Mediada yayılan məlumatlara görə, Türkmənistandan keçməklə Əfqanıstan və Pakistanı Avropa ilə birləşdirəcək beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacağı gözlənilir. Bu, əvvəllər gündəmdə olan layihə idi, lakin Əfqanıstandakı qeyri-sabit vəziyyət səbəbilə reallaşmamışdı. İndi isə bu məsələ yenidən aktuallaşıb. Düşünürəm ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də Türkmənistanın Türk Dövlətləri Təşkilatına daimi üzv qismində qoşulması ilə bağlı fikir mübadiləsi aparılması gözləniləndir”, - deyə politoloq bildirib. 

Qeyd edək ki, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü baş tutub. İyulun 17-də Berdiməhəmmədov Füzuli rayonuna, daha sonra isə Şuşaya səfər edib, bir sıra yerlərlə tanış olub. Cıdır düzündə Prezident İlham Əliyev ona “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Azərbaycan,Türkmənistan,Todaypress.tv,

photo