Rusiyanın Ermənistana silah “payı”: “Əgər işğala son qoymaq istəsəydilər...”

Təhlil

22.08.2025 17:25

“Ermənistana edilən silah yardımları açıq şəkildə münaqişənin uzadılmasına xidmət edirdi”.

Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

O vurğulayıb ki, Ermənistanın silahlanma prosesi hələ 1994-cü ildə “Bişkek protokolu”nun imzalanması və müvəqqəti atəşkəsin əldə edilməsindən sonra açıq şəkildə başlayıb. Bu proses xüsusilə Rusiya tərəfindən həyata keçirilib:

“Rusiya bizə silahları pulla satdığı halda, Ermənistana eyni vasitələri “pay” verib. Elə vaxtlar olub ki, Ermənistana 1 milyard dollardan çox silah birdən-birə, heç bir ödəniş olmadan və ya kağız üzərində “kreditlə” verilib. Bu, müxtəlif bəhanələrlə həyata keçirilərək Ermənistanın silahlandırılması məqsədinə xidmət edib”.

Analitikin sözlərinə görə, Ermənistanın silahlandırılmasının əsas məqsədi Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan ərazilərində işğal prosesini davam etdirmək olub:

“Həmin dövrdə istifadə edilən silahlara nəzər salsaq, görərik ki, onların 95%-dən çoxu məhz Rusiya istehsalıdır. Bu, hər kəsə aydın olan bir faktdır. Əgər həqiqətən münaqişəni bitirmək və işğala son qoymaq istəsəydilər, Ermənistan bu qədər silahlandırılmazdı”.

S.Hümbətov əlavə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları ilə sübut edib ki, məqsəd Ermənistan ərazilərini işğal etmək yox, öz torpaqlarını geri qaytarmaq və suverenliyini bərpa etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb:

“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.

Aysel Mətləb

tag: Samir Hümbətov,Politoloq,Rusiya,Ermənistan,Silah,Todaypress.tv,

photo