Qələbə paradından MESAJ: "Azərbaycan olan yerdə sülh var"

Təhlil

03.09.2025 17:22

"Azərbaycan dövlətinin ən böyük siyasi uğuru Qlobal Qərb və Şərqdə eyni səviyyədə qəbul olunmasıdır".

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərərbaycanın iştirakını şərh edib:

"Azərbaycan bir ay öncə ABŞ-nin paytaxtı Vaşinqtonda Prezidenti Donald Tramp tərəfindən necə qarşılanmışdısa, Şərqdə, Çinin paytaxtı Pekində də elə təmtəraqla qarşılandı. Bu, hər dövlətə xas olmayan xüsusiyyətdir. Hərbi paradda iştirak edən 26 ölkə arasında Azərbaycanın da olması onu göstərir ki, biz ABŞ-Çin qarşıdurmasına baxmayaraq, hər iki dövlətə eyni məsafədə dayanırıq. Bu geosiyasi tarazlıq Azərbaycanın yürütdüyü unikal xarici siyasətin xarakterik xüsusiyyətidir. Azərbaycan dövləti gətirdiyi yeniliklə dünya siyasətində cığır açan ölkədir. Bu cığır isə ölkələri sülhə aparır. Məsələnin mahiyyəti odur ki, Azərbaycanın bu hərbi paradda iştirakını qarşı tərəfi təmsil edən ölkələr təhlükə kimi qəbul etmirlər. Onlar Azərbaycandan əmindirlər ki, Azərbaycan olan yerdə həmişə sülh olmalıdır".

Qeyd edək ki, sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Qiymət Mahir

TodayPress TV

tag: Çin,Azərbaycan,Yaponiya,Parad,Todaypress.tv,