Ermənistan yeni tərəfdaş axtarışında: Rusiyadan uzaq, BƏƏ-yə yaxın...

Təhlil

18.11.2025 14:12

Noyabrın 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan  Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin Rəşid əl-Maktumla görüşüb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tərəflər görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair yeni saziş imzalayıblar.

Söhbət zamanı regional və qlobal təhlükəsizlik gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Maraqlıdır,  Ermənistanın BƏƏ ilə müdafiə əməkdaşlığını genişləndirməsi və İrəvanın yeni təhlükəsizlik tərəfdaşları axtarışı nə ilə bağlıdır? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Ermənistan  yeni hərbi tərəfdaşlara yönəlir:

"Ermənistan uzun müddət Rusiyadan hərbi-texniki baxımdan asılı vəziyyətdə olub. Sonuncu dəfə Rusiya Ermənistana 400 milyon dollarlıq silah satmalı idi, lakin ödəniş tam edilsə də, bu silahlar hələ də təhvil verilməyib. Bundan sonra İrəvan aktiv şəkildə yeni tərəfdaşlar axtarmağa başlayıb".

Onun sözlərinə görə, Rusiyanın diqqətinin Ukraynaya yönəlməsi və başqa istiqamətlərdə sərt reaksiya vermək imkanlarının azalması Ermənistan üçün fürsət yaradıb. İrəvan da bu vəziyyətdən istifadə edərək hərbi-texniki sahədə yeni tərəfdaşlar əldə etməyə çalışır.

Ekspert Ermənistanın  son vaxtlar ənənəvi dairədən kənara çıxmasına diqqət çəkib:

"Son illərdə Hindistanla bu istiqamətdə sıx əməkdaşlıq formalaşıb. Fransa ilə də oxşar əməkdaşlıq perspektivi mövcuddur. İndi isə Ermənistan Birləşmiş Ərəb Əmirlikləri ilə müdafiə sahəsində saziş imzalayıb".

A.Səmədovun qənaətincə, Ermənistanın yeni tərəfdaş axtarışı həm çıxılmazlığın, həm də Rusiyadan uzaqlaşma cəhdinin göstəricisi kimi özünü biruzə verir:

"Bu, bir tərəfdən Ermənistanın çarəsizliyinin göstəricisidir, çünki silah ala biləcəyi ölkələrin sayı məhduddur. Digər tərəfdən isə hərbi sahədə şaxələndirmə siyasətinin davamıdır. BƏƏ Orta Şərqin ən nüfuzlu və strateji gücə malik dövlətlərindən biridir və onunla əməkdaşlıq təkcə hərbi sahə ilə məhdudlaşmır; investisiya, texnologiya və digər sahələrdə də əməkdaşlıq imkanları yaradır. Bu addımlar Ermənistanın imkanlarını genişləndirə, regiona daha nüfuzlu aktorların cəlb olunmasına səbəb ola və ölkənin Rusiyanın təsirindən çıxmaq istiqamətində fəaliyyətini gücləndirə bilər".

O, həmçinin vurğulayıb ki, Ukrayna müharibəsi davam edir və Ermənistan bu vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışır.

Analitik sonda əlavə edib ki, seçkilər ərəfəsində tənqidlərdən yayınmaq üçün Ermənistan hakimiyyəti silahlanmanı sürətləndirməyə çalışır:

"Eyni zamanda ölkədə parlament seçkiləri yaxınlaşır. Ermənistan hakimiyyəti yaxşı anlayır ki, seçkiqabağı kampaniya dövründə onu müdafiə sahəsini zəiflətməkdə ittiham edəcəklər. Buna görə də hökumət belə iddiaların qarşısını almaq üçün silahlanma sahəsində aktiv addımlar atır. Nəticə etibarilə, hazırda Ermənistanda baş verənlərin böyük qismi qarşıdan gələn seçkilərə hesablanıb. İrəvan bir tərəfdən Rusiyadan müdafiə asılılığını azaltmağa çalışır, digər tərəfdən isə seçkiqabağı dövrdə hökumətin gücünü zəiflədə biləcək tənqid və riskləri minimuma endirməyə cəhd göstərir". 

Jalə Rövşən

TodayPress TV-

tag: Abutalıb Səmədov ,Ermənistan,BƏƏ,Saziş,Todaypress.tv,