Erhürman and içdi: Kiprdə yeni dövr başlayır

Təhlil

24.10.2025 17:52

"Bu gün Şimali Kipr Türk Respublikasının 6-cı Prezidenti Tufan Erhürman and içərək vəzifəsinin icrasına başladı. Bu tarixi günün başda Şimali Kipr Türk Respublikası xalqı olmaqla, bütün Türk Dünyası üçün xeyirli olmasını arzulayırıq".

Bunu Şimali Kipr Dostluq Cəmiyyətinin Prezidenti Orxan Həsənoğlu TodayPress TV-yə açıqlamasında deyib.


O qeyd edib ki, Tufan Erhürmanın andiçmə mərasimindəki çıxışı ölkənin yeni dövrünə istiqamət verəcək. O, çıxış zamanı xüsusilə iki əsas məsələyə toxunaraq həm sabitlik, həm də regional əməkdaşlıq baxımından mühüm mesajlar verib:  


"Türkiyə Respublikası ilə həyati əhəmiyyət kəsb edən strateji əməkdaşlığın qətiyyətlə davam etdiriləcəyi vurğulandı. Bu, iki dövlət arasında qardaşlıq bağlarının sarsılmazlığını bir daha nümayiş etdirdi. İkinci mühüm məqam Türk Dövlətləri Təşkilatı ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair qəti iradə oldu. Bu yanaşma Şimali Kipr Türk Respublikasının Türk Dünyasındakı yerini daha da möhkəmləndirəcək. 5-ci prezident Ersin Tatar Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın əsaslarını qoyub və bu istiqamətdə məşəl yandırıb. Tufan Erhürman isə həmin məşəli daha da alovlandıraraq birlik və həmrəylik simvoluna çevirməyi bacaracaq. Buna tam inamımız var".

O.Həsənoğlu bildirib ki, Azərbaycan və digər türk dövlətləri ilə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda yeni dövrün başlanacağına inanırlar:


"Daha güclü gələcək və türk birliyinin daha sıx əlaqələri üçün aparılacaq bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyik. Kipr məsələsinə yeni nəfəs, ümid və baxış gətirəcək bu yeni dövrün bütün Türk Dünyası üçün xeyirli olmasını diləyirik".

Qiymət Mahir

TodayPress TV

tag: Orxan Həsənoğlu,Şimali Kipr Dostluq Cəmiyyəti,Tufan Erhürman,Andiçmə,Todaypress.tv,