Qlobal siyasətdə növbəti dalğalanma: Yaxın Şərqdə münaqişə regionla məhdudlaşmır…
“Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürülməsi Yaxın Şərqdəki gərginliyin qlobal miqyasda əks-səda doğurduğunu göstərir”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, hücumun ABŞ-nin paytaxtında baş verməsinin təsadüfi olmadığını düşünür:
“Çünki Vaşinqton İsrailin ən yaxın müttəfiqinin siyasi mərkəzidir. Bu hadisənin məqsədi ABŞ-İsrail ittifaqına xələl gətirmək və iki ölkə arasında etimad böhranı yaratmaq ola bilər. Geosiyasi baxımdan hücum ABŞ-nin Yaxın Şərq siyasətinə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Simvolik olaraq İsrail səfirliyinin hədəf alınması dövlətlərarası münasibətlərdə suverenliyi təmsil edən quruma qarşı beynəlxalq hüquqa zidd addımdır”.
Ekspertə görə, bu, həm də müqavimət hərəkatlarının coğrafi sərhədləri aşdığını nümayiş etdirmək cəhdi kimi görünür:
“Regional kontekstdə Qəzza zolağındakı münaqişənin eskalasiyası bu hücumun arxa planını təşkil edir. 2023-cü il oktyabrın 7-dən bəri davam edən Fələstin-İsrail gərginliyi beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Hücum ABŞ-nin İsrailə dəstəyinə qarşı cavab kimi şərh oluna bilər. Daxili siyasi prizmadan yanaşsaq, ABŞ-də Fələstin məsələsinə dəstəyin artması və antisemitizmə qarşı narahatlıqlar bu hadisəni şərtləndirə bilər. Hücum ABŞ-nin təhlükəsizlik sistemindəki potensial zəiflikləri də üzə çıxarır. Bu, respublikaçılar və demokratlar arasında daxili siyasi mübahisələri gücləndirə bilər”.
T. İsmayılov bildirib ki, hücumun ABŞ-İsrail münasibətlərinə birbaşa təsiri məhdud olsa da, ictimai rəydə gərginlik yarada bilər:
“Eyni zamanda, bu hadisə beynəlxalq diplomatiyanın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.
Nəticədə, hücumun arxasında duran aktorlar və motivlər hələ dəqiqləşməsə də, onun məqsədi qlobal siyasətdə dalğalanma yaratmaqdır. Belə hadisələr Yaxın Şərq münaqişəsinin yalnız regionla məhdudlaşmadığını bir daha təsdiqləyir”.
Qeyd edək ki, mayın 21-də ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib.
Qətl hadisəsi yerli vaxtla saat 21:15 radələrində baş verib. Hadisə diplomatların ziyarət etdiyi yəhudi muzeyinin yaxınlığında qeydə alınıb. 30 yaşlı Elias Rodriqes şübhəli şəxs qismində saxlanılıb.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,ABŞ,İsrail,Todaypress.tv,
