"Siz çıxın, biz buradayıq" — Xamenei ABŞ-yə MEYDAN OXUDU!
Təhlil
06.11.2025 17:50
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Amerika Birləşmiş Ştatları ilə münasibətlərin bərpası və mümkün əməkdaşlıq perspektivinə dair yeni mövqeyini açıqlayıb.

O bildirib ki, iki ölkə arasında dialoq yalnız Vaşinqtonun üç əsas şərti yerinə yetirməsi halında mümkün ola bilər - ABŞ-nin İsrailə hərbi və siyasi dəstəyini tam dayandırması, Yaxın Şərqdəki hərbi bazalarını ləğv etməsi və region ölkələrinin daxili işlərinə müdaxilədən imtina etməsi.
Xameneinin bu şərtləri nəyi hədəfləyir və bu yanaşma İranın xarici siyasətində hansı mesajları daşıyır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, İranın Ali Rəhbəri Əli Xameneinin ABŞ ilə bağlı səsləndirdiyi fikirlər ölkənin ideoloji və geosiyasi prioritetlərinin açıq ifadəsidir:

“Xameneinin səsləndirdiyi mövqe təsadüfi deyil. O, iki ölkə arasında münasibətlərin bərpasını yalnız İranın müəyyən etdiyi şərtlər çərçivəsində mümkün sayır. Bu şərtlər isə, əslində, İranın uzun illərdir formalaşdırdığı ideoloji-siyasi xəttin davamıdır. İranın xarici siyasətində anti-ABŞ və anti-İsrail mövqeyi strateji prinsip kimi qəbul olunur və bu siyasətin dəyişməsi real görünmür. ABŞ-nin İsrailə hərbi və diplomatik dəstəyi dayandırması tələbi də məhz bu ideologiyanın bir parçasıdır”.
Ekspert qeyd edib ki, Xameneinin Yaxın Şərqdən ABŞ-nin hərbi bazalarını çıxarmaqla bağlı irəli sürdüyü şərt Vaşinqtonun regiondakı strateji dayaqlarını sarsıtmaq məqsədi daşıyır:
“Hazırda ABŞ-nin Yaxın Şərqdə onlarca hərbi bazası mövcuddur. Bu bazalar həm Rusiya, həm Çin, həm də İranın təsir dairəsini balanslaşdırmaq məqsədinə xidmət edir. Belə bir şəbəkənin ləğvi ABŞ üçün strateji geriləmə olardı. İran isə bunu çox yaxşı anlayır və bu cür şərtləri irəli sürməklə həm daxili auditoriyaya mesaj verir, həm də danışıqlar prosesini öz şərtləri üzərində yönləndirmək istəyir. Bu, əslində, danışıqları çətinləşdirən amildir”.

Politoloqun sözlərinə görə, İran rəhbərliyinin “ABŞ regiondan çəkilməlidir” tələbi də reallıqla uzlaşmır və daha çox simvolik xarakter daşıyır:
“Xamenei burada açıq şəkildə "siz çıxın, biz buradayıq" mesajı verir. Bu, İranın Yaxın Şərqdə hegemonluq iddiasını nümayiş etdirir. Lakin ABŞ-nin regiondan çəkilməsi nə geosiyasi, nə də təhlükəsizlik baxımından mümkün deyil. İran bu reallığı bilir və bu tələbləri daha çox daxili siyasi auditoriyaya hesablanmış addım kimi irəli sürür. Məqsəd ideoloji sabitliyi qorumaq və ABŞ-yə qarşı sərt mövqe nümayiş etdirməkdir”.
Ç.Şahbazi sonda əlavə edib ki, bu cür bəyanatlar real diplomatik dialoqa yardım etmir, əksinə, qarşıdurma ritorikasını dərinləşdirir:
“İran rəhbərliyinin səsləndirdiyi bu şərtlər praktiki deyil, simvolik təzyiq vasitəsidir. Tehran bu yolla özünü prinsipial və müstəqil siyasi xəttə sadiq dövlət kimi təqdim etməyə çalışır. Amma əslində, bu mövqe regionda gərginliyi daha da artırır və ABŞ ilə mümkün dialoqun perspektivini zəiflədir”.
Qiymət Mahir
tag: İran , Əli Xamenei,Amerika ,İsrail,Çingiz Şahbazi,Todaypress.tv,
