Qlobal güc balansında Tramp-Putin dialoqu: Ukraynanın taleyi supergüclərin əlində
Təhlil
07.08.2025 17:33
"Uzun müddətdir ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün görüşü Ukrayna müharibəsində dönüş nöqtəsi ola biləcək bir fürsət kimi qiymətləndirilir. Göründüyü kimi, belə bir görüşün baş tutması ehtimalı yüksəkdir. Lakin bu ehtimalın reallığa çevriləcəyinə dair ümidlərin zəif olduğu qənaətindəyəm".
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hətta görüş baş tutsa belə, onun müharibənin dayandırılmasına gətirib çıxaracaq nəticə verməsi ehtimalı olduqca aşağıdır:
"Putin və Tramp son dövrlər bir neçə dəfə, həm ikitərəfli, həm də rəsmi nümayəndələr vasitəsilə fikir mübadiləsi aparıblar. Lakin dünyanın qarşı-qarşıya dayanan iki böyük qütbünün liderləri arasında baş tutan belə görüşlər heç vaxt sadə olmur. Bu cür hallarda maraq dairələrinə uyğun olaraq geniş müzakirələr və debatlar aparılır, tərəflərin hansı güzəştlərə hazır olduğu müəyyənləşdirilir. Başqa sözlə, dialoqlar təkcə bir mövzu ilə məhdudlaşmır, çoxşaxəli məsələləri əhatə edir".
Ekspertin fikrincə, hazırkı mərhələdə Rusiyanın Ukrayna müharibəsini dayandırmaq qarşılığında ona bərabər tutula biləcək ikinci bir güzəşt əldə etməsi ehtimalı son dərəcə zəif, hətta mümkünsüzdür. Rusiya bu müharibəni öz nüfuz dairəsini qorumaq məqsədilə aparır və onu yarımçıq saxlamaq niyyətində deyil. ABŞ isə, istəsə belə, Ukraynanın ərazi bütövlüyünün pozulması bahasına razılaşma yolunu seçməz.
"Bu baxımdan, Tramp-Putin görüşündən ciddi nəticələr gözləmək real görünmür. Müharibənin dayandırılması üçün Rusiyanın qarşısında real və təsirli güc dayanmalıdır".
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılıq əldə olunub. O, görüşə hazırlıq prosesinin artıq başladığını diqqətə çatdırıb.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
