2 milyarddan 80 milyarda: 22 ildə Azərbaycanın iqtisadi sıçrayışı

Təhlil

18.12.2025 14:21

“2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi müstəqillik dövründə ilk dəfə olaraq ölkənin bütün ərazilərində səsvermənin təşkil olunması ilə yadda qaldı. Bu seçki həm də Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu”.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin 22 illik Prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatı üçün sürətli artım, inkluziv və balanslı inkişaf mərhələsi kimi xarakterizə olunur. O qeyd edib ki, bu müddətdə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb:

“Son 22 ildə icmal büdcənin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 30 dəfə yüksəlib. Strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara çatıb. Bu göstəricilər ölkənin maliyyə dayanıqlığının və iqtisadi gücünün artdığını açıq şəkildə nümayiş etdirir”.

Vüqar Bayramov vurğulayıb ki, əldə olunan iqtisadi nailiyyətlər yeni dövrdə həyata keçirilən islahatların dərinləşdirilməsi ilə daha da möhkəmlənir:

“İqtisadi inkişafın davamlı xarakter alması struktur islahatlarının genişlənməsi və sosial rifahın yüksəldilməsi ilə müşayiət olunur. Bu isə uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır”.

Deputat bildirib ki, sözügedən dövr Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarla da diqqət çəkir. Onun sözlərinə görə, Türk dünyası və Şərq ölkələri ilə əlaqələrin gücləndirilməsi ilə yanaşı, ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın prioritetləri sırasındadır:

“Çoxvektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir və ölkəmizi regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi möhkəmləndirir”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov , İqtisadi sıçrayış,Prezident İlham Əliyev,Deputat,Todaypress.tv,